Mərkəzi Asiya mediası Azərbaycanın Prezidenti İlham Əliyevin Şuşada keçirilən Qlobal Media Forumundakı çıxışına diqqət yetirib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qazaxıstanın “Kazinform” beynəlxalq informasiya agentliyi Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının beynəlxalq arenada güc mərkəzinə çevrilə biləcəyi barədə fikirlərini yayımlayıb.
İnformasiya agentliyi Prezidentin sözlərindən sitat gətirərək yazır ki, buna nail olmaq üçün ölkələr bu istiqamətdə birgə çalışmalıdırlar.
Qazaxıstanın İnbusiness.kz media resursu isə dövlət başçısının Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradan istinadlar barədə çıxışına yer verib.
Nəşr Prezidentin sülh müqaviləsi mətninin razılaşdırılması üzərində işlərin davam etdiyini vurğulayan fikrinə də yer ayırıb.
Özbəkistanın Anhor.uz nəşri də Azərbaycan Prezidentinin Ermənistanın konstitusiyasına düzəliş etmədən sülh müqaviləsinin mümkün olmayacağı barədə çıxışına diqqət yetirib.