Avqustun 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Komissiyanın iyulun 27-də keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına təyin olunan məşvərətçi səs hüquqlu üzvün təsdiq edilməsinə qərar verilib.
Daha sonra iclasda 23 saylı Nəsimi – Səbail, 69 saylı Biləsuvar və 96 saylı Goranboy – Naftalan seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Beynəlxalq müşahidə missiyası və media subyektləri nümayəndələrinin qatıldıqları iclasda qarşıdan gələn seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə də baxılıb. Seçki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə və qaydada iclasa çıxarılan müraciət, maraqlı subyektin də iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərar qəbul olunub.
İclasda, həmçinin Milli Məclisə seçkilərə hazırlıq istiqamətində proseslərin qanunvericiliyin tələblərinə uyğun gedişi və Komissiya tərəfindən ardıcıl, sistemli şəkildə reallaşdırılan layihələr barədə məlumat verilib, müxtəlif məsələlərə dair statistik göstəricilər diqqətə çatdırılıb, cari məsələlərə baxılıb.