Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Avqustun 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Komissiyanın avqustun 3-də keçirilən iclasının protokolu təsdiq edilib.

Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə beynəlxalq müşahidə missiyası təmsilçilərinin və maraqlı subyektin özünün də bilavasitə iştirakı ilə Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılıb. Komissiya üzvlərinin geniş müzakirəsindən sonra müraciətin təmin olunmasına və namizədliyin imtinası ilə bağlı müvafiq dairə seçki komissiyasının qərarının ləğv edilərək, şəxsin Milli Məclisə seçkilərdə namizədliyinin qeydə alınmasına qərar verilib.

Media mənsubları tərəfindən operativ şəkildə işıqlandırılan iclasda, həmçinin Milli Məclisə seçkilərlə əlaqədar ardıcıl, sistemli və intensiv davam edən ümumrespublika miqyaslı maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib, proseslərin gedişinə dair statistik göstəricilər diqqətə çatdırılıb və cari məsələlərə baxılıb.

Oxşar Xəbərlər