Mağazada istifadə müddəti bitmiş ərzaqlar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şamaxı rayonu, Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Mahmudov Nurlan Babaqulu oğluna məxsus “Ocaq” marketdə yoxlama keçirib.

AQTA-dan QİA.AZ-a verilən məlumata görə, yoxlama zamanı ərzaq mağazasında satışda istifadə müddəti bitmiş 9,4 kq “Ranço” nişanlı Holland pendiri, 3 kq “Zolotava” nişanlı bitki spred yağı və 1 kq “İsmayıllı” nişanlı kərə yağı aşkarlanıb.

Araşdırma zamanı müəssisənin girişində dezbaryerin quraşdırılmadığı, temperatur rejiminə əməl olunmadığı, istifadə müddəti bitmiş məhsulların digər məhsullarla eyni soyuducuda saxlanıldığı, satışda olan bir sıra ərzaq məhsullarının (kartof, yağ və s.) saxlama qaydalarına zidd olaraq birbaşa döşəmənin üzərinə yığılaraq saxlanıldığı, işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi məlum olub. Mağazada istifadə müddəti bitmiş məhsulların satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində tədbirlər həyata keçirəcək.

Oxşar Xəbərlər