“Bakı trası yaxşıdır, amma açığı, mənim sevdiklərimdən biri deyil”.
“QİA.az”ın məlumatına görə, bunu Avstriyanın “Red Bull” komandasının pilotu Maks Ferstappen “Formula 1” üzrə Azərbaycan Qran-prisi barədə danışarkən deyib.
24 yaşlı sürücü Bakıdakı yarışda heç vaxt podiuma çıxa bilmədiyini söyləyib. Lakin hollandiyalı pilotun fikrincə, bu tendensiyanı dəyişdirməyin vaxtı çatıb: “Görək, nə qədər rəqabətə davamlı olacağıq. amma “Mercedes”in yaxşı səviyyəyə qayıtmasını gözləyirəm”.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 – 6 iyunda keçiriləcək. Maks Ferstappen sonuncu Monako Qran-prisində qalib gələrək, 105 xalla liderliyə yüksəlib. Onu 4 xal az toplayan “Mercedes” pilotu Lüis Hemilton izləyir. “Maklaren”dən olan Lando Norris 56 xalla üçüncü yerdə qərarlaşıb.
Konstruktorlar Kubokunda da lider dəyişikliyi baş verib. “Red Bull” 149 xalla 1-ci pilləyə yüksəlib. “Mercedes” 148 xalla ikinci, “Maklaren” 80 xalla üçüncüdür.