“Ukrayna və Azərbaycan arasındakı münasibətlər uzunmüddətli dərin ənənələrə malikdir”.
Bunu “QİA.AZ”a müsahibəsində Ukrayna Ali Radasının keçmiş deputatı Maksim Kuryaçiy ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 102 illiyinin tamam olmasını şərh edərkən deyib.
“Hələ 1919-1920-ci illərdə Bakıda Ukrayna Xalq Respublikasının Azərbaycan Xalq Cümhuriyyətindəki xüsusi diplomatik nümayəndəliyi fəaliyyət göstərirdi. Ukrayna Xalq Respublikasının missiyası o zaman xarici dövlətlərin Bakıda fəaliyyət göstərən 16 diplomatik nümayəndəliyindən biri idi. Bu da ölkələrimiz arasındakı ənənəvi dostluq tarixi əlaqələrə dair bariz sübutdur. Lakin bu, münasibətlərimizdə qısa bir dövr idi.
SSRİ-nin mövcud olduğu illərdə münasibətlərimiz inkişaf etsə də, vahid şablona tabe edilmişdi, Moskvadakı vahid mərkəzindən idarə olunurdu.
Dövlətlərimizin müstəqillik əldə etməsi ilə vəziyyət kökündən dəyişdi. Suveren güclər olaraq münasibətlərimizi yeni əsasda qurmağa başladıq. Prezidentlər Heydər Əliyev və Leonid Kuçmanın görüşləri ilə başlanan iki ölkə liderlərinin şəxsi təmasları bunda böyük əhəmiyyət kəsb etdi”, – M.Kuryaçiy bildirib
Keçmiş deputat Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərin hazırkı səviyyəsini qiymətləndirərək vurğulayıb ki, əlaqələr inkişaf xətti ilə inkişaf edir, lakin inkişaf üçün mövcud potensialdan hələ də tam istifadədən uzaqdır.
İkitərəfli əməkdaşlığın prioritetlərindən danışarkən M.Kuryaçiy Ukrayna Prezidenti Volodimir Zelenskinin 2019-cu ilin dekabrında Bakıya səfərindən bir ildən çox vaxt keçdiyini xatırladıb. O zaman bir sıra müqavilələr, o cümlədən Azərbaycanda Ukrayna Ticarət Evinin açılmasına dair razılaşma; Ukraynanın Odessa şəhəri ilə Azərbaycanın Gəncə şəhəri, habelə Ukraynanın Truskavets şəhəri ilə Azərbaycan Quba şəhəri arasında ticari-iqtisadi müqavilələr; turizm sektorunda və bir sıra digər sahələrdə əməkdaşlığı gücləndirmək üzrə sazişlər imzalanmışdı.
M.Kuryaçiy diqqətə çatdırıb ki, bunlar əlaqələrimizi inkişaf etdirmək üçün əhəmiyyətli addımlar idi, amma məncə, keçən il baş verən dəyişikliklər kontekstində artıq bu da kifayət deyil: “Azərbaycan həqiqətən tarixi irəliləyiş əldə etdi. Bu gün Azərbaycan Respublikası ilə münasibətlərdə iqtisadi və hərbi-texniki sahələri inkişaf etməli və genişləndirməliyik”.
Onun sözlərinə görə, hazırda Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 1 milyard ABŞ dollarına yaxındır və uzun müddətdir bu səviyyə qorunur.
“Bir daha deyirəm, bu, potensialımız, yeni çağırışlar və eyni zamanda ikitərəfli münasibətlər üçün yeni imkanlar nəzərə alınmaqla, qətiyyən kifayət deyil. Hesab edirəm ki, bu prosesin inkişafında hansısa pillədə gecikmişik. Qarşılıqlı maraqların və imkanların olduğu çox sahə var. İlk növbədə, yanacaq-energetika kompleksi. Bu gün Ukraynanın neft emalı zavodları neftin üçdə ikisini Azərbaycandan alırlar. Südçülük və ətçilik, kimya və əczaçılıq sahələrində inkişaf üçün yaxşı perspektivlər var”, – M.Kuryaçiy deyib.
Sabiq deputat qeyd edib ki, COVID-19 pandemiyası artıq bütün dünya siyasətinin arxitekturasında izlər buraxıb, eyni zamanda ölkələr arasındakı əməkdaşlığa da təsir edib: “Koronavirus turizmə, təhsilə (Ukraynada 10 minə yaxın azərbaycanlı tələbə təhsil alır), mədəni əlaqələrə, biznes əlaqələrin inkişafına ciddi zərər vurub. Düşünürəm ki, bu dəyişikliklər çərçivəsində əlaqələrimizin müzakirəsi və tənzimlənməsi lazım olacaq. Ancaq əsas şey siyasi iradənin olmasıdır. Axı dəyişiklik istəyən problemi həll etməyin yollarını axtarır və nəticəyə yönəlir”.