Malta məhkəməsi “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun şikayətini rədd edib.
Bu barədə “Malta Today” yazıb.
Bildirilir ki, Mübariz Mənsimov 2020-ci ildə Türkiyədə həbs olunandan bəri onun gəmiçilik imperiyası kreditorların hədəfində olub.
Qeyd olunur ki, SOCAR Mübarizə Mənsimovun 240 milyon dollar təzminat ödəməyə məcbur edilməsinə dair 2021-ci il London Arbitraj qərarının icrasını tələb edib.
Mənsimov isə bununla əlaqədar Malta məhkəmələrinə müraciət edib.
Məhkəmə Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) “Palmali”yə qarşı qaldırdığı iddia üzrə Malta Arbitraj Mərkəzinin qərarını qüvvədə saxlayıb.
Yazıda qeyd olunur ki, Mənsimovun gəmiçilik imperiyası, demək olar ki, bütünlüklə Maltada qurulub. O vaxtdan bəri Mənsimovun Maltadakı aktivləri “Sberbank” kreditorları tərəfindən verilən başqa bir qərarla dondurulmaya məruz qalıb.
2023-cü ildə London Arbitraj Mərkəzi Mənsimovun şikayətini rədd edərək arbitraj qərarının Maltada qeydiyyata alınmasına göstəriş verib.
Mənsimov uduzduğu işə görə Malta Apellyasiya Məhkəməsinə Londonda ədalətli dinləmədən imtina edildiyini iddia edərək apellyasiya şikayəti verib.
Malta Arbitraj Məhkəməsi Mənsimovun Malta vətəndaşı olmadığı üçün onun səlahiyyətlərinə tabe olmadığı barədə iddialarını təkzib edib.
“Mənsimovun Maltada əmlakının və ya pul vəsaitinin olub-olmamasının əhəmiyyəti yoxdur. Mənsimovun Maltada qeydiyyatdan keçmiş “Palmali Holdinq” şirkəti var. Mənsimov şirkətin səhmdarı olduğu üçün onun Maltada aktivləri (payları) var”, – deyə bildirilib.
2023-cü ildə Malta məhkəməsi “Palmali” gəmiçilik qrupuna məxsus bir sıra Malta gəmiçilik şirkətlərinə qarşı “Sberbank”ın lehinə qərar çıxarıb.
Məhkəmə müəyyən edib ki, “Palmali” “Sberbank” kreditlərini geri qaytarmamaq üçün Maltadakı gəmiçilik şirkətlərini saxtakarlıq yolu ilə müflis etmək məqsədilə pis niyyətli əməliyyatlar həyata keçirib və Mənsimovun məkrli planları ifşa olunub.