Marsda gələcək insan bazalarının və ya koloniyalarının özünü təmin edə bilməsi üçün evdə yetişdirilən qidanın etibarlı mənbəyi olmalıdır. Kolonistlərin qida ehtiyaclarını ödəmək üçün raket tədarükünə etibar etmək sadəcə olaraq çox baha başa gələcək və riskli olacaq. Bunu nəzərə alaraq, alimlər kosmos təsərrüfatının optimallaşdırılması yollarını araşdırırlar.
QİA.az AZƏRTAC-a istinadla istinadla xəbər verir ki, Niderlandın Vaqeningen Universitetində və tədqiqatlar üçün istifadə olunan istixanada tədqiqatçılar qədim Maya fermerləri tərəfindən istifadə edilən “aralıq əkin” adlanan üsulla birlikdə becərilən müxtəlif məhsullar ilə simulyasiya edilmiş Mars torpağına uyğun reqolitdə tərəvəz məhsuldarlığının yaxşılaşdırılması məqsədilə perspektivli bir üsul müəyyən ediblər.
Tədqiqatçılar öz təcrübələrində pomidor, noxud və yerkökünü birlikdə xüsusi qablarda yetişdiriblər. Mars torpağına uyğunlaşdırılmış reqolitdə bu şəkildə yetişdirilən pomidorlar Yerdə alınan analoqundan təxminən iki dəfə çox məhsul verib. Pomidorlar da daha erkən yetişib, gövdəsi qalın olub. Bu üsulla becərilən noxud və yerkökü məhsuldarlığı isə artmayıb.
Çərşənbə günü PLOS jurnalında dərc olunan tədqiqatın aparıcı müəllifi, astrobioloq Rebeka Qonçalves bildirib ki, bu, həmin aralıq əkin texnikasının kosmik kənd təsərrüfatına ilk dəfə tətbiq edildiyi qabaqcıl tədqiqat olduğundan, alimlər nəticələrdən bixəbər idilər. O əlavə edib: “Bunun üç növdən biri üçün həqiqətən yaxşı nəticə verməsi böyük bir kəşf idi, indi bunun üzərində daha çox araşdırma apara bilərik. Ən optimal sistemi tapana qədər eksperimental şərtləri tənzimləmək lazımdır, burada fərqli növlər də ola bilər”.
Məhsullar NASA tədqiqatçıları tərəfindən hazırlanmış və Qırmızı planetin torpağı ilə mükəmməl fiziki və kimyəvi uyğunluq təşkil edən simulyasiya edilmiş Mars reqolitində – üzvi maddələr olmayan torpaqda yetişdirilib. Tədqiqatçılar ona faydalı bakteriyalar və qida maddələri əlavə ediblər. Onlar, həmçinin Mars istixanasında gözlənilən şərtlərə uyğunlaşmaq üçün onun daxilindəki qazlara, temperatura və rütubətə nəzarəti həyata keçiriblər.
Marsda insan bazaları filmlərdə adi hal olsa da, bu sahə hələ də elmi fantastika səltənətində qalır. Lakin ABŞ-ın kosmik agentliyi – NASA, məsələn, 2030-cu illərdə insanları Marsa göndərmək üçün lazım olan imkanları inkişaf etdirir.