Amerika Milli Kosmik Araşdırma Agentliyinin (NASA) Marsdakı “İngenuity” adlı kəşfiyyat helikopteri ilk yoxlama uçuşunu uğurla reallaşdırıb.
“QİA.az” xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb.
Bildirilib ki, NASA-nın “Perseverance” adlı aparatla Marsa göndərdiyi 1,8 kq-lıq mini helikopter ilk yoxlama enmə və qalxma uçuşunu edib. Helikopter 30 saniyə müddətinə 3 metr hündürlükdə uçub. Kaliforniyadakı mərkəzdən uçuşa nəzarət edilib. Mini helikopterin görüntüləri ictimai şəbəkədə paylaşılıb.
Qeyd edək ki, “Perseverance” 2020-ci il iyunun 20-də ABŞ-ın Floridadakı “Cape Canaveral” Kosmik Stansiyasından buraxılıb. Aparat 7 ay müddətinə 470 milyon km-lik yol qət etdikdən sonra 2021-ci il fevralın 20-də Marsa enib.