Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” PHŞ və Elm və Təhsil nazirliyinin “Məktəblinin dostu” layihəsinin tərəfdaşlığı ilə “Mavini qoru, yaşılı yaşa” adlı silsilə tədbirlərə start verilib.
QİA.az xəbər verir ki, Gənclər Fondunun “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elan etdiyi gənclər təşkilatları üçün qrant müsabiqəsinin qalibi olan layihənin əsas məqsədi məktəblilərə sudan səmərəli istifadə vərdişlərini aşılamaq, ölkədə mövcud olan su mənbələri haqqında məlumatlılığı artırmaq və suyun insan həyatındakı önəmini vurğulamaqdır.
Tədbir müddətində iştirakçılar ilk növbədə laboratoriya şəraitində suyun tərkibi ilə yaxından tanış olmaq imkanı əldə edib, suyun insan sağlamlığındakı mühüm rolu barədə maarifləniblər.
Daha sonra Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun Doktorantura və Gənc Mütəxəssislərlə İş sektorunun müdiri, təlimçi Günay Dünyamalıyeva ilə iştirakçılar arasında qlobal su qıtlığı və iqlim dəyişikliyi, Azərbaycan və Xəzər regionun su ehtiyatlarından istifadə, su idarəetməsində texnoloji yeniliklər və aqrar sahədə suyun səmərəli istifadəsinə dair interaktiv müzakirələr aparılıb. Təlimçi yaxın günlərdə ev sahibliyi edəcəyimiz COP29 tədbirindən danışaraq qeyd edib ki, belə irimiqyaslı tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizə növbəti böyük etimad və inamın göstəricisi, beynəlxalq müstəvidə artan güc və nüfuzun təzahürüdür.
Yekunda layihə iştirakçıları ilə xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, layihə çərçivəsində növbəti fəaliyyət olaraq Su Təsərrüfatı Muzeyinə ekskursiyanın təşkili planlaşdırılır.