MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlığı üzrə Hökumətlərarası Şurasının iclası keçirilib

Müstəqil Dövlətlər Birliyinin (MDB) Tikinti Fəaliyyətində Əməkdaşlığı üzrə Hökumətlərarası Şurasının növbəti 41-ci iclası, hazırda Şuraya sədrlik edən Rusiya Federasiyasının Tikinti və Mənzil-Kommunal Xidmətlər Nazirliyi tərəfindən videokonfrans formatında təşkil edilib. Tədbirdə Azərbaycan Respublikası adından Şuraya üzv olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin heyəti iştirak edib.

Bu barədə “QİA.az”a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

İclasda şəhərsalma siyasətinin əsas istiqamətləri, inşaat materialları sənayesinin inkişafı, tikintidə enerjiyə qənaət və bərpaolunan enerji mənbələrindən istifadə, tikintinin planlaşdırılması və təşkili ilə bağlı norma və qaydaları, şəhərsalma və memarlıq sahələrində aktual problemlər və onların həlli yolları müzakirə edilib, habelə şəhər infrastrukturunun təkmilləşdirilməsi, layihələndirmədə müasir texnologiyaların tətbiqi  və digər birgə həyata keçirilə biləcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılıb, müvafiq qərarlar verilib. Həmçinin videokonfransda Şuranın Katibliyinin 2016-2020-ci illər üzrə fəaliyyəti haqqında hesabat üzv ölkələrinin nümayəndələrinin diqqətinə çatdırılıb.

Şuranın 40-cı iclasında MDB-yə üzv-dövlətlər tərəfindən müştərək qəbul edilmiş qərara və tədbirlər planına əsasən 2021-ci il “Memarlıq və şəhərsalma ili” kimi qeyd olunur. İclas çərçivəsində təsdiq olunmuş tədbirlər planı ətraflı müzakirə olunub və 29 aprel tarixində “MDB məkanında şəhərsalma sahəsində nailiyyətlər, problemlər və mövcud trendlər” mövzusunda elmi-praktiki konfransın Bakı şəhərində keçiriləcəyi üzv dövlətlərin nümayəndələrinin diqqətinə bir daha çatdırılıb. Bununla yanaşı, ölkəmizdə bu ilin sonunadək “MDB ölkələri üzrə gənc memarların iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi”nin də keçirilməsi planlaşdırılır. Eyni zamanda, Plana əsasən Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şuranın növbəti 42-ci iclası Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrliyi ilə ölkəmizdə keçiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Qeyd edək ki, MDB-nin üzv-dövlətlərinin Tikinti Fəaliyyətində Əməkdaşlığı üzrə Hökumətlərarası Şura Birliyə daxil olan ölkələrdə inşaat sektorunun dayanıqlı inkişafının təmin olunması və tikinti sahəsində razılaşdırılmış siyasətin formalaşdırılması üçün aidiyyəti qurumların əlaqələndirilmiş fəaliyyətinin təşkili məqsədilə 1994-cü ildə yaradılıb və Azərbaycan Respublikasını sözügedən Şurada Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təmsil edir. Şuranın fəaliyyəti əsasən tikinti sahəsində əməkaşlığın inkişaf etdirilməsini, o cümlədən tikintidə mühəndis tədqiqatlarının aparılması, layihələndirmə, memarlıq fəaliyyəti, şəhərsalma sənədlərinin işlənməsi, inşaat materiallarının istehsalı, müxtəlif tikinti avadanlığının istehsalı, tikintinin təşkili və s. bu kimi istiqamətləri əhatə edir. 

Şuranın növbəti 42-ci iclasına ölkəmiz ev sahibliyi edəcək.

Oxşar Xəbərlər