Meksika Ekvadoru Beynəlxalq Ədalət Məhkəməsinə verəcək

“Meksika Ekvadordakı səfirliyinə hücuma görə aprelin 11-də Haaqa Beynəlxalq Məhkəməsində bu ölkəyə qarşı iddia qaldıracaq”.

Bu barədə Meksika lideri Andres Manuel Lopez Obrador gündəlik mətbuat konfransında bildirib.

“Biz Ekvadordakı səfirliyimizə hücumla bağlı, avtoritar hərəkətlərlə bağlı iddia qaldırma prosedurunu sabaha təxirə salmaq qərarına gəldik. Biz hələ də müəyyən məqamları düzəldəcəyik”, – Meksika prezidenti bildirib.

Aprelin 5-də Meksika hakimiyyəti Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlasa siyasi sığınacaq verdiyini açıqlayıb. Siyasətçi korrupsiya işində ittiham olunur. Diplomatik missiya Qlası həbs etmək üçün polisi öz ərazisinə buraxmaqdan imtina edib. Elə həmin gün axşam saatlarında Ekvador polisi Meksikanın Kitodakı səfirliyinə basqın edərək Qlası həbs edib. Meksika Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, hücum zamanı diplomatlar yaralanıb. Meksika hakimiyyəti Ekvadorla diplomatik münasibətləri kəsdiyini elan edib.

Mənbə: TASS

Oxşar Xəbərlər