Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində səfir Məmməd Talıbovun “Sülhə gedən yol dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmətdən keçir” başlıqlı məqaləsi dərc edilib.
Bu barədə “QİA.az”a Azərbaycanın Meksikadakı Səfirliyindən məlumat verilib.
Qəzetdə Ermənistan səfirinin Azərbaycanın guya erməni hərbi əsirlərini qaytarmaqdan imtina etdiyi haqda yazısına cavab olaraq hazırlanmış məqalədə ilk olaraq, həmin yazıda istinad edilmiş qondarma qurumun Ermənistanın 30 ilə yaxın müddətdə işğalda saxladığı beynəlxalq qaydada tanınmış Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni rejim olduğu, 10 noyabr tarixli üçtərəfli bəyanatı imzalamaqla Ermənistan baş nazirinin işğal faktını qəbul etmiş olduğu və erməni səfirin dünyanın heç bir ölkəsi, o cümlədən təmsil etdiyi ölkə tərəfindən tanınmamış qondarma rejim haqda danışaraq Meksika auditoriyasını yanıltmağa çalışdığı bildirilir.
Azərbaycanın 10 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatların tələblərinə tam olaraq əməl etdiyi, erməni tərəfinin iddialarının əksinə olaraq “hamının hamıya” prinsipi əsasında bütün hərbi əsirləri qarşı tərəflə dəyişərək 69 nəfər erməni hərbi əsirini qaytardığı və 15 nəfər azərbaycanlı hərbçini geri aldığı məlumat verilir. Hazırda Azərbaycan tərəfində saxlanılan şəxslərin hərbi əməliyyatların başa çatması və 10 noyabr bəyanatının imzalanmasından sonra Ermənistanın Şirak vilayətindən Azərbaycan ərazisinə keçərək 4 nəfər hərbçi və 1 mülki vətəndaşımızın ölümü ilə nəticələnən terror aktları törətmiş şəxslər olduğu və onların Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edildikləri bildirilir.
1991-94-cü illərdə Ermənistanın işğal zamanı mülki insanlarımıza qarşı xüsusi amansızlıq nümayiş etdirdiyi, əsir götürdüyü 4 min nəfər mülki vətəndaşımızın taleyinin bu günədək naməlum olduğu və Xocalıda törətdiyi soyqırımının onilliklərlə davam edən erməni təcavüzü ərzində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş ən amansız qətliamlardan biri olduğu qeyd edilir. Erməni vəhşiliyinin ən yeni sübutlarından birinin də Kəlbəcər rayonunun Başlıbel kəndində qətlə yetirilmiş 12 nəfər soydaşımızın cəsəd qalıqlarının aşkarlanması olduğu deyilir.
Ermənistanın 30 ildir evlərinə qayıda bilməyən 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün bu gün də geri dönüşünə ciddi maneələr yaratdığı, işğaldan azad edilmiş ərazilərimizdə bu müddət ərzində bütün yaşayış infrastrukturunu məhv etdiyi və burada kütləvi minalama apardığı, bu minaların partlaması səbəbindən 10 noyabr bəyanatından bu günədək aralarında mülkü şəxslər də olmaqla 20 nəfər vətəndaşımızın həlak olduğu, 85 nəfərinsə ağır yaralandığı və Ermənistanın beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritəsini verməkdən imtina etdiyi söylənilir. Qeyd edilir ki, hazırda bütün dünya azad olunmuş ərazilərimizdəki erməni vandalizminə, şəhər və qəsəbələrimizin Ermənistan tərəfindən tamamilə dağıdıldığına və ölkəmizə aid tarixi-mədəni irsin məhvinə cəhd edildiyinə şahid olmaqdadır.
Sonda sülhə gedən yolun dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmətdən keçdiyi, bu səbəbdən Ermənistanın qonşularına qarşı təcavüzkar siyasəti və ərazi iddialarından əl çəkməli, öz xalqını barışığa hazırlamalı və əməkdaşlıq ruhunda yaşamağı öyrənməli olduğu bildirilir.