Güclü quraqlıq və isti hava dalğaları Meksikanın cənub-şərq tropik meşələrində meymunların ölümünə səbəb olub. Bu nəsli kəsilməkdə olan heyvanlar (”ağlayan meymunlar”) ekstremal şəraitə dözmürlər və son həftələrdə ağaclardan yıxılaraq ölürlər.
QİA.az Meksika mediasına istinadla xəbər verir ki, bu həftə temperaturun 45 dərəcəni keçəcəyi proqnozlaşdırılan Tabasko ştatında 85 oxşar ölüm hadisəsi qeydə alınıb.
Tabasko ştatının Kamalkalko şəhəri yaxınlığındakı meşədə könüllülər yüksək temperaturdan ölən bu növ meymunların cəsədlərini toplayıblar, sonra yeni ölüm hadisələrinin qarşısını almaq üçün su və meyvə ilə dolu vedrələr qoyublar.
Ağlayan meymun həssas növ kimi Beynəlxalq Təbiəti və Təbii Sərvətləri Mühafizə İttifaqının (IUCN) Qırmızı Siyahısına daxil edilib.
Bazar ertəsi Meksika Prezidenti Andres Manuel Lopes Obrador meymunların ölümü məsələsini şərh edərək deyib: “Buna səbəb ekstremal istilərdir. Mən uzun müddətdir ki, ştatlara səfər edirəm və heç vaxt onu indiki kimi hiss etməmişəm. Odur ki, heyvanlara qayğı göstərməliyik və biz bunu etmək niyyətindəyik”.
Meksika Səhiyyə Nazirliyi bildirib ki, martın 17-dən mayın 11-dək Meksikada istilər 26 nəfərin ölümünə səbəb olub.