Meksikada hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin mərkəzindəki Quanaxuato ştatının Salvatierra vilayətinin ərazisində 59 nəfərin cəsədi olan qəbirlər tapıblar.
QİA.AZ xəbər verir ki, bu barədə itkin düşən şəxslərin axtarışı üzrə Milli Komissiyanın rəhbəri Karla Osuna mətbuat konfransında məlumat verib.
Hazırda axtarışların davam etdiyini deyən Karla bildirib ki, cəsədləri tapılan şəxslər bölgədə fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrupların qurbanlarıdır. Onun sözlərinə görə, öldürülən şəxslər axtarışda olub.
Meksikanın Quanaxuato ştatı qəsdən adamöldürmə cinayətlərinin sayına görə ölkədə liderdir. Bundan əvvəl ştatın axtarış bölmələri insan meyitlərinin olduğu səkkiz gizli qəbir tapıblar. Səkkiz qəbirdə təxminən 100 cəsədin olduğu 20 kisə aşkar edilib.