Meksikanın çoxmilyonlu dinləyici kütləsinə malik “Enfoque Noticias” radio kanalında səfir Məmməd Talıbovun erməni təcavüzünün tarixi, torpaqlarımızın işğaldan azad edilməsi, münaqişə sonrası bölgədəki son durum və bu ərazilərdə Azərbaycan tərəfindən aparılan yenidənqurma işləri haqda tanınmış jurnalist, CNN ispancanın aparıcısı Mario Qonsalesə müsahibəsi efirə gedib.
Bu barədə “QİA.az”a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Müsahibədə 1991-94-cü illərdə Azərbaycan ərazisinin beşdə birinin Ermənistan tərəfindən işğal edilməsi, işğalçı dövlətin etnik təmizləmə siyasəti və bu ərazilərin demoqrafik tərkibini dəyişmək cəhdləri, bu xüsusda 1 milyona yaxın soydaşımızı məcburi köçkünə çevirməsi, 30 ilə yaxın işğal dövründə Azərbaycanın bütün səylərinə baxmayaraq Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən bu münaqişənin danışıqları yolu ilə həlinin mümkünsüz olduğu haqda məlumat verilib.
Ötən ilin sentyabr ayında Ermənistan tərəfinin növbəti təxribatı nəticəsində münaqişənin yenidən eskalasiya mərhələsinə keçdiyi, aparılan hərbi əməliyyatların yekununda işğalda olan ərazilərimizin azad edildiyi, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatının tələblərinə görə isə Ermənistan ordusunun Azərbayanın qalan ərazilərindən çıxarıldığı bildirilib.
Hazırda Azərbaycanın başlıca hədəfinin məcburi köçkünlərin evlərinə qayıtmasına şərait yaradılması olduğu deyilib, bu istiqamətdə mövcud maneələr haqda danışılıb, bu xüsusda 30 ilə yaxn işğal dövründə şəhər və qəsəbələrimizin tamamilə dağıdıldığı, bu səbəbdən həmin ərazilərdə nəqliyyat yolları, məktəb, hospital və insanların yaşayışı üçün gərəkli olan digər infrastruktur obyektlərinin yenidən inşası üçün ölkəmiz tərəfindən iri həcmli sərmayə qoyuluşu həyata keçirildiyi söylənilib.
Azərbaycanlı məcburi köçkünlərin geri qayıdışı və bölgənin yenidən qurulmasını ləngidən digər bir faktorun bu ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə minalanması olduğu,
hərbi əməliyyatların başa çatmasına baxmayaraq, bu partlayıcı qurğuların hələ də mülkü vətəndaşlar və hərbçilərimiz arasında çoxsaylı itkilərə yol açdığı və Ermənistan tərəfinin beynəlxalq humanitar hüquqa zidd olaraq həmin minaların yerləşmə xəritəsini verməkdən imtina etdiyi qeyd olunub.
Bununla yanaşı, Ermənistanın vaxtilə işğalda saxladığı ərazilərdə Azərbaycana aid tarixi-mədəni abidələrin, kilsə, məscid, muzey və məzarlıqların bir çoxunu dağıtdığı, bəzilərini isə özününküləşdirməyə çalışdığı və bu kimi vandalizm halları ilə əlaqədar ölkəmizin beynəlxalq qurumlara müraciət edəcəyi deyilib.
Onilliklərlə davam edən təcavüzə rəğmən böyük iqtisadi uğurlara imza atmış və həyata keçirdiyi iri miqyaslı enerji və nəqliyyat layihələri ilə regionun simasını dəyişdirməyə nail olmuş Azərbaycanın hazırda da 11 yanvar tarixli üçtərəfli bəyanatda da nəzərdə tutulduğu kimi, münaqişənin təsirinə məruz qalmış ərazilərin və ümumilikdə regionun yüksəlişinə yönəlik səylərlə çıxış etdiyi halda, Ermənistanda bir sıra qisasçı qüvvələrin qonşu ölkələrə qarşı ərazi iddiaları və nifrəti siyasətini davam etdirdiyi vurğulanıb.
Regionda davamlı sülhün təmin edilməsi üçün Ermənistan tərəfinin bu ərazi iddialarından əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və xalqını barışığa hazırlamalı olduğu bildirilib və bu barışığın Ermənistana regional əməkdaşlıq formatlarına qoşulmağa imkan yarada biləcəyi söylənilib.
Müsahibə adıçəkilən radio kanalının çoxsaylı izləyicisi olan sosial şəbəkə ünvanlarında da yayımlanıb.