Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) qabiliyyət imtahanında iştirak etmək üçün iyulun 17-dən 23-dək (saat 23:59-dək) link vasitəsilə qeydiyyatdan keçməlidirlər.
QİA.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, memarlıq ixtisası üzrə müsabiqədə I ixtisas qrupunu seçmiş, müsabiqə şərtlərinə əsasən ümumi balı ən az 200 olan və Qabiliyyət İmtahanı Komissiyası üzrə məqbul qiymət almış abituriyentlər (subbakalavrlar) iştirak edə bilərlər.
DİM Hazırda müsabiqə şərtlərini ödəməyən, lakin qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən və I ixtisas qrupu üzrə qəbul imtahanının 2-ci cəhdinin nəticələri elan olunduqdan sonra ümumi balı 200-dən aşağı olacaq abituriyentlərin nəzərinə çatdırır ki, qabiliyyət imtahanının nəticəsindən asılı olmayaraq onlar ixtisas seçiminə buraxılmayacaq və qabiliyyət imtahanı üçün ödəniş haqqı (varsa) geri qaytarılmayacaq.
Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) yalnız rəsm fənnindən imtahan verirlər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan şəxslər məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.
Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.
Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanı haqqında ətraflı məlumat 2024-cü ildə nəşr edilmiş “Abituriyent” jurnalının “Təsviri sənət/memarlıq” adlı xüsusi buraxılışında verilib.