Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Nəsimi” stansiyasında taktiki-xüsusi təlim keçirilib.
FHN-in mətbuat xidmətindən QİA.az-a bildirilib ki, təlimin mövzusu “Bakı metropolitenində yarana biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.
Əvvəlcə FHN-in “112” qaynar telefon xəttinə metronun “Nəsimi” stansiyasında platformanın alt kabel kollektorunda 2-ci yolun 380 volt idarəetmə şkafında “yanğın” barədə “məlumat daxil olub” və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, obyektdə yarana biləcək fövqəladə halların qarşısının alınması, bu zaman xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə vaxtı təhlükəsizlik qaydaları ilə bağlı FHN və metropolitenin əməkdaşları arasında fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 6 texnikası və 42 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.