Mənzil İnşaatı Dövlət Agentliyinin layihələrindən (MİDA) ümumilikdə 9 444 ailə güzəştli mənzil əldə edib.
QİA.Az “Report”a istinadən xəbər verir ki, bunu MİDA-nın İdarə Heyətinin sədri Sadiq Sadıqov Agentliyinin fəaliyyətə başlamasının səkkizinci ildönümü ilə əlaqədar keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədi ilə səkkiz illik fəaliyyəti dövründə Mənzil İnşaatı Dövlət Agentliyi Bakıda və regionlarda ümumilikdə 11 güzəştli mənzil layihəsinin icrasını həyata keçirib: “Həmin layihələrdən altısının inşası tamamlanıb, beş layihə isə hazırda reallaşdırılır: “İcrası tamamlanmış layihələr – Yasamal Yaşayış Kompleksi, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt şəhəri, Zəminə Həsənova küçəsində inşa edilmiş güzəştli mənzillər və Gəncə Yaşayış Kompleksidir”.
O bildirib ki, həmin layihələrdə 11 000-dən çox mənzil, beş məktəb, səkkiz uşaq bağçası və bir müasir tipli poliklinika tikilib: “Bu layihələrdə tikilmiş mənzillər (11 087 mənzil) həm “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılıb, həmçinin dövlət sifarişi əsasında ayrılıb”.