Mikrobioloq alim: ​​​​​​​“Vaksinlərin fəsadları, yan təsiri ilə bağlı qorxular əsassızdır”

Avq11,2021

“Bütün infeksiyaların profilaktikasında peyvəndləşmə hər zaman bir nömrəli rol oynayıb. Koronavirusa qarşı peyvəndləşmənin əhalidə bu qədər qorxu yaratması isə sadəcə təəssüf doğurur”.

“QİA.AZ” xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Klinik Diaqnostik Laboratoriyasının şöbə müdiri, tibbi mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi Yavər Hacısoy bildirib.

“Axı bütün dünyada, eləcə də Azərbaycanda hər bir insan anadan olan kimi mütləq şəkildə bəzi xəstəliklərdən peyvəndlənir. Bu proses yetkinlik yaşına qədər davam edir. Amma bu zaman “peyvəndlərdən qorxuram”, “bu vaksin məni öldürəcək” kimi yanaşmalar görmürük. Koronavirus pandemiyası dövründə bəzi insanların ortaya atdığı əsassız fikirlər insanların, cəmiyyətin beyni qarışdırır”- deyə ATU-nun əməkdaşı vurğulayıb.

O qeyd edib ki, vaksinlərin fəsadları, yan təsiri ilə bağlı qorxular əsassızdır: “Çünki müasir dövrdə yan təsiri olmayan hansısa preparat yoxdur. Gündəlik həyatda demək olar hər gün müxtəlif tərkibli ağrıkəsicilər, təzyiq dərmanları, müxtəlif dərmanlar qəbul edən insanlar kifayət qədərdir. İstənilən dərmanın təlimatını oxuduqda, onun kifayət qədər yan təsiri olduğunu görmək olar. Amma insanlar heç buna fikir vermirlər. Vaksinin yan təsiri aspirinə nisbətən daha azdır. Halbuki indiki dövrdə bir çox insan asanlıqla bu dərmanı içsə də, vaksinləşməyə tərəddüd edir”.

Mikrobioloq alimin sözlərinə görə, peyvənd vurdurmaq mütləqdir: “Vaksinlərin allergiya vermə ehtimalı təbii haldır. Çünki istənilən antibiotikin kiçik dozası bəzi orqanizmlərdə allergik hal yarada bilər. Vaksin isə mikrobun öldürülmüş bir hissəsi olduğuna görə bədənin ona da allergiya verməsi ola bilər. Təbii ki, bu, fərdi xarakter daşıyır. Vaksinin kimdə allergiya verə biləcəyini əvvəlcədən təyin edən analiz yoxdur. Ona görə də vaksinasiya aparılan bütün məntəqələrdə gözləmə və şok otaqları yaradılıb. Peyvənd preparatının kiməsə yan təsiri olacaqsa, ilk 30 dəqiqə ərzində ola biləcəyi ehtimalını nəzərə alaraq, peyvənd olunanlar həmin otaqlarda gözlədilir”.

Oxşar Xəbərlər