Milli Məclisin Elm və Təhsil, İctimai Birliklər və Dini Qurumlar komitəsinin üzvü, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov təmsil etdiyi dairə üzrə gördüyü işlərin növbəti yarım illik hesabatını təqdim edib.
O qeyd edib ki, ümumilikdə VI çağırış Milli Məclisin iş fəaliyyətinin dünyadakı pandemiya dövrü ilə üst-üstə düşməsi hər kəs kimi biz millət vəkilləri üçün də xeyli çətinliklər yaratdı. Bu çətinliklərə baxmayaraq çalışdıq ki, işlərimizi Prezident İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk açılışındakı konseptual çıxışında irəli sürdüyü fəaliyyət planına uyğun quraq, hər bir seçicimizin yanında olaq, onların problemləri ilə yaxından tanış olaq, onlardan gələn müraciətləri qısa zaman ərzində aidiyyatı qurumlara yönləndirək və həlli üçün lazımi tədbirləri görək.
Fəaliyyətimin ilk ayından bütün dünya ölkələri kimi Azərbaycan da tarixdə görünməmiş çətin bir dönəmə daxil oldu. Dünya tanış olmayan, haqqında heç bir elmi əsər yazılmayan bir virusla mübarizəyə başladı. Virus bizi bir-birimizdən uzaq tutsa da, istər Milli Məclisdə, istərsə də müxtəlif Kütləvi İnformasiya Vasitələrində öz çıxışlarımızla, yazılarımızla daim yanınızda olduq, zəngləriniz üçün gecə-gündüz telefonlarımı açıq saxladıq, onlayn qəbullar etdik, aramızda yaranmış məsafəni bu yollarla aradan qaldırmağa çalışdıq.
Bu müddətdə ümumilikdə yazılı 67, şifahi 598, sosial şəbəkələr vasitəsilə 473 müraciətə baxdıq. Müraciət edən hər bir şəxslə əlaqə yaradılaraq, problemlər diqqətdə saxlanılıb. Kütləvi İnformasiya Vasitələrinə 100-dən artıq müsahibə verilib.
2020-ci il ölkəmiz üçün həm də uğurlu bir il oldu. 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini, dünyaya göstərdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu tarixi uğurlar bütün Azərbaycan cəmiyyətində olduğu kimi mənim də həyatımda heç bir zaman silinməyəcək xoş təəssüratlar yaratdı. Bu gün artıq mənim də təmsil etdiyim Cəbrayıl və Qubadlı rayonları işğaldan azad olunub. Bundan sonra bizim qarşımızda görüləcək daha çox işlər var. Rayonumuzun yenidən bərpası üçün, inkişafı üçün bütün gücümüzlə çalışaraq bizə göstərilən etimadı doğrultmaqda davam edəcəyik.
Ümid edirik ki, 2021-ci ildə bizim iş fəaliyyətimizə ciddi təsir göstərən koronavirus pandemiyası ilə üzləşməyəcəyik. Bu çətinliklər arxada qalacaq və seçicilərimizin daha çox yanında olmağa çalışacaq, onlarla birgə uğurlu nəticələrə nail olacayıq deyə Ceyhun Məmmədov bildirib.