Milli Gimnastika Arenasının doğma zalında çıxış edən zaman böyük məsuliyyət hiss edirsən – Azərbaycanlı gimnast

Vətəndə, Bakıdakı Milli Gimnastika Arenasının doğma və sevimli zalında çıxış edən zaman böyük məsuliyyət hiss edirsən.

Bunu jurnalistlərə aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının iştirakçısı, Azərbaycanlı gimnast Dilarə Qurbanova deyib.

D.Qurbanova bildirib: “Yarışda Azərbaycanı təmsil edəcəyimi biləndə həyəcanlandım, amma ailəmin, məşqçimin və komanda üzvlərimin dəstəyi sayəsində özümü toplaya bildim və bunun öhdəsindən gəldim. Seçmə mərhələdə, finala çıxa bilmədiyimə baxmayaraq, proqramı yerinə yetirməyimdən məmnun qaldım. Hər çıxışımda səviyyəmi yüksəltmək üçün daha çox çalışacağam”.

Gimnast vurğulayıb ki, tribunalarda azarkeşlərin olmamasına baxmayaraq, yenə də onların dəstəyini hiss edirəm: “Əlbətdə ki, vətəndə, Bakıdakı Milli Gimnastika Arenasının doğma və sevimli zalında çıxış edən zaman böyük məsuliyyət hiss edirsən. Ancaq burada, necə deyərlər, doğma divarlar kömək edir. Təbii olaraq həyəcanlanırsan və ölkəni ləyaqətlə təmsil etməyə çalışırsan”.

D.Qurbanova həmçinin komanda yoldaşlarına yarışda uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edir. Turnir mayın 23-dək keçiriləcək.

Yarışların birinci günündə fərdi hərəkətlərdə kişilər (12-14 yaş) və qadınlar (15-17 yaş), üçlük (12-14 yaş və 15-17 yaş), qarışıq cütlüklər çıxış edir.

Yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayır.

Azərbaycanı yarışlarda Leyla Abdullazadə, Arzu Ağayeva, Leyla Əhmədova, Sara Əlixanlı, Aylin Əliyeva, Rövşanə Bağırzadə, Leyla Bejanova, Dilarə Qurbanova, Fidan İbrahimova, Aliyə İsmayılova, Sənəm Kazımova, Evelina Kozlovskaya, Emiliya Mahmudova və Məryəm Topçubaşova təmsil edir.

Trend.az

Oxşar Xəbərlər