Avqustun 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının(MSK) növbəti iclası keçirilib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Komissiyanın avqustun 16-da keçirilən iclasının protokolu təsdiq olunub.
Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar seçki məntəqələrində veb-kameraların quraşdırılması məsələsinə baxılıb.
Seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün lazımi addımlar atıldığı, seçki subyektlərinə hərtərəfli şərait və geniş imkanlar yaradıldığı vurğulanaraq diqqətə çatdırılıb ki, qarşıdan gələn seçkilərdə çoxsaylı yerli və beynəlxalq müşahidəçilər, media mənsubları, fərqli aşkarlıq institutları azad və sərbəst şəkildə iştirak edirlər.
Bildirilib ki, Azərbaycanda keçirilən seçkilərdə digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərindən geniş və effektiv istifadə edilməsi səsvermə günü də aşkarlığın, həmçinin şəffaflığın daha böyük miqyasda təminatına önəmli töhfələr verir.
Xüsusilə qeyd olunub ki, ölkəmizin seçki təcrübəsində 16 ildir uğurla tətbiq olunan veb-kamera təcrübəsi seçki günü səsvermə məntəqələrində proseslərin gedişini hamı üçün açıq platformada bütünlüklə, arasıkəsilmədən və real vaxt rejimində dünyanın istənilən yerindən heç bir qeydiyyat tələb olunmadan internet istifadəçiləri tərəfindən müşahidə etməyə imkan yaradır. İndiyədək keçirilən seçkilərin müşahidəsində iştirak edən aşkarlıq institutları, yerli və beynəlxalq subyektlər, media nümayəndələri, peşəkar seçki mütəxəssisləri veb-kameralardan istifadəni mütərəqqi nailiyyət kimi yüksək qiymətləndiriblər.
Komissiya üzvlərinin müzakirəsi zamanı Milli Məclisə seçkilərdə veb-kameralardan istifadə edilməsinin seçki günü aşkarlığın və şəffaflığın daha da yüksəldilməsində əlavə vasitə kimi mühüm rol oynayacağına əminlik ifadə olunub.
İclasda eləcə də bildirilib ki, Milli Məclisə seçkilərlə əlaqədar veb-kameraların tətbiqi layihəsi Mərkəzi Seçki Komissiyasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə sıx əməkdaşlığı şəraitində gerçəkləşdirilib.
Müzakirələrdən sonra Mərkəzi Seçki Komissiyası qarşıdan gələn Milli Məclisə seçkilərdə də səsvermə günü seçki məntəqələrində proseslərin texniki parametrləri gücləndirilmiş və daha da təkmilləşdirilmiş veb-kameralar vasitəsilə əvvəldən axıradək, birbaşa və arasıkəsilmədən müşahidə olunması, keyfiyyətli, fasiləsiz yayım imkanlarının təmin edilməsi məqsədilə zəruri texniki və digər şərtlər çərçivəsində 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılmasına qərar verib. Komissiyanın qərarında, habelə veb-kameraların quraşdırılması üçün lazımi fəaliyyətin, texniki və digər şərtlərin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilərək başa çatdırılması və veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısının dərc edilməsi nəzərdə tutulub.
Beynəlxalq müşahidə missiyalarının təmsilçiləri, məşvərətçi səs hüquqlu komissiya üzvü, xüsusi icazə almış müşahidəçi və media mənsublarının bilavasitə iştirakı ilə keçirilən iclasda, həmçinin 7 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik olunub və cari məsələlərə baxılıb.