Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
“QİA.AZ” xəbər verir ki, qanuna təklif edilən dəyişikliklə əlilliyə görə əmək pensiyasının məbləğinin hesablanması qaydası dəyişdirilir.
Belə ki, hazırkı qanunvericiliyə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir.
Dəyişikliklə bu nisbət dəyişir. Belə ki, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulacaq və sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə deyil, 200-ə olan nisbəti şəklində müəyyənləşdiriləcək.
Bu aşağıdakı hallarda tətbiq edilməyəcək:
– 2021-ci il yanvarın 1-dək təyin edilmiş əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının yenidən hesablanmasına;
– 2021-ci il yanvarın 1-dək hüququ yaranmış şəxslərə 2021-ci il yanvarın 1-dən sonra əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə və yenidən hesablanmasına;
– 2021-ci il yanvarın 1-də əlilliyə və ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmiş şəxslərə bu tarixdən əvvəl əmək pensiyasının təyin edilməsinə.
Eyni zamanda qanunda əmək pensiyasının sığorta hissəsinə əlavələri nəzərdə tutan 19-cu maddə ləğv edilir. Ancaq bu qanun qüvvəyə minənədək hesablanmış əlavələrin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir.
Qüvvədə olan qanuna görə, 2019-2020-ci illərdə bu qanunla müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanmalı idi. Dəyişikliyə əsasən müddətlər dəyişir. Beləliklə, 2019-2022-ci illərdə bu qanunla müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq.
Xatırladaq ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri müəyyənləşib. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Qanunda nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Bu qanun layihəsi 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.