Milli Qurtuluş Gününün bəhrələri – müasir Şərur şəhəri – FOTO

“Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”, – deyənölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün hər bir yaşayış məntəqəsində genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və rayon mərkəzləri müasirləşir. İnkişafa qovuşan bölgələrdən biri də Şərur rayonudur. Qəbul olunan dövlət proqramlarının uğurlu icrası rayonda davamlı sosial-iqtisadi inkişafı təmin edib, Şərur şəhərində və kəndlərdə genişmiqyaslı quruculuq işləri aparılıb, yeni inzibati binalar və sosial obyektlər tikilib, rahat yollar çəkilib, əhalinin rifahı yaxşılaşıb.

İyunun 3-də Şərur rayonunda Bayraq Meydanı, Şərur şəhər avtomobil yolları, yeraltı piyada keçidi və yeni yaşayış binası istifadəyə verilib, Şərur rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş şəraiti yaradılıb.

Şərur rayonunda Bayraq Meydanının açılışı olub

Bu gün Azərbaycanın hər yerində dövlət bayrağımız qürurla dalğalanır. Çünki bayraq dövlətlərin müstəqillik və suverenlik rəmzidir.

QİA.AZ xəbər verir ki, iyunun 3-də Şərur rayonunda Bayraq Meydanı istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

“Hər bir ölkənin müstəqillik rəmzi hesab olunan bayrağı o ölkə üçün müqəddəsdir. Ona görə də müstəqillik, torpaqların qorunması, dövlətçilik uğrunda şəhidlik zirvəsinə ucalanlar da bayrağa bükülür. Şərur rayon ərazisində qurulan bu Bayraq Meydanı da bir neçə gün əvvəl qeyd olunan 28 May – Respublika Günü münasibətilə və şəhidlərimizin əziz xatirəsinə qaldırılır”,-deyən  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qurğunu işə salıb, üçrəngli dövlət bayrağımız əbədi yüksəkliyə ucalıb.

Bildirilib ki, Şərur rayonunda Bayraq Meydanının tikintisinə ötən ilin aprel ayında başlanılıb. Bayraq dirəyinin hündürlüyü 36,5, bayrağın eni 8, uzunluğu isə 16 metrdir. Ümumi sahəsi 4 min 795 kvadratmetr olan meydanda geniş abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub, dekorativ ağac və gül kolları əkilib.

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri Əmir Babayev minnətdarlıq edərək deyib: “Muxtar respublikanın bütün rayonları kimi, Şərur rayonu da göstərilən diqqət və qayğı sayəsində sürətlə inkişaf edir. Rayonun kəndləri yeni görkəmə qovuşub, Şərur şəhəri müasir şəhərlər sırasına daxil olub. Rayon sakinləri bu inkişafı ulu öndərimiz Heydər Əliyevin inkişaf strategiyasının uğurlu davamı kimi qiymətləndirir. Tarixən xalqımız bayrağa ehtiramla yanaşıb. Bütün qələbə və zəfərlərimiz Azərbaycan Bayrağı ilə ifadə olunub. Bu gün rayonumuzda yaradılan Bayraq Meydanı da gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyətə malik olacaqdır”.

Ali Məclisin Sədri  Bayraq Meydanında müxtəlif tədbirlərin keçirilməsi, abadlığa və təmizliyə diqqət edilməsi, yaşıllıqlara qulluq göstərilməsi barədə tapşırıqlar verib.

Oxşar Xəbərlər