Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq qapıçısı Oleq Karnaux “Sabah” klubundan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.
Bu barədə “QİA.az” CAS-ın rəsmi saytına istinadən xəbər verir. Ukrayna əsilli qolkiper “Sabah”la 2019-cu ilin iyulunda 3 illik müqavilə bağlasa da, bir ildən sonra komandadan göndərilib. O, paytaxt təmsilçisinin heyətində heç vaxt meydana çıxmayıb.
“Sabah”ın mətbuat katibi Elnur Həmidov isə “Report”a açıqlamasında məsələyə belə aydınlıq gətirib: “Oleq Karnaux müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı FİFA-ya müraciət etmişdi. FİFA bu məsələdə klubun mövqeyinin haqlı olması barədə qərar verdi. Futbolçu bundan sonra CAS-a müraciət etdi. Aprelin 23-də məsələ ilə bağlı məhkəmə oldu. Qərar yaxın vaxtlarda açıqlanacaq”.
Qeyd edək ki, Oleq Karnaux hazırda Ukraynada “Yarud” (Mariupol) komandasının formasını geyinir.