Martın 10-u saat 17 radələrində Mingəçevir şəhəri ərazisində 1987-ci il təvəllüdlü Aytən Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.
Araşdırmalarla 1979-cu il təvəllüdlü Ceyhun Mirzəyevin şəhərin Naxçıvan küçəsi ərazisində yerləşən mənzillərdən birində aralarında yaranmış mübahisə zamanı Aytən Məmmədovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Ceyhun Mirzəyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
21:12
Mingəçevirdə 37 yaşlı qadının qətlinin bəzi təfərrüatı məlum olub.
“Report”un məlumatına görə, Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü Aytən Sərvan qızı Məmmədova münaqişə zəminində bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib.
Onu qətlə yetirməkdə şübhəli bilinən isə mərhumun keçmiş həyat yoldaşıdır.
Qeyd edək ki, onların iki övladı var və hadisədə şübhəli bilinən şəxs öncələr məhkumluq həyatı yaşayıb.
Artıq cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş əri, 1979-cu il təvəllüdlü Ceyhun Ömər oğlu Mirzəyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
19:02
Martın 10-da saat 17:30 radələrində Mingəçevir şəhərində yerləşən evlərin birində 1987-ci il təvəllüdlü Aytən Sərvan qızı Məmmədovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.