Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

May7,2024

ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin tələbələri Ayxan Ağayev, İbrahim Tağızadə və Ülvi Aslanlıdan ibarət Azərbaycan komandası Beynəlxalq Kollegial Proqramlaşdırma (“ICPC – International Collegiate Programming Contest 46”, “ICPC 47”) müsabiqəsinin finalında iştirak ediblər. Builki müsabiqənin unikallığı ICPC 46 və ICPC 47-nin pandemiyadan dolayı eyni vaxtda təşkil edilməsidir.

QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Universitetin professor-müəllim heyətinin üzvləri Fuad Hacıyev və Mixaylo Medvedyevin rəhbərlik etdiyi Azərbaycan komandası 2022-ci il iyulun əvvəlində keçirilmiş superregion yarımfinalında əldə etdiyi nəticəyə görə final mərhələyə yüksəlib.Azərbaycan komandasının final mərhələsinə yüksəlməsi müsabiqənin tarixində bir ilkdir. 170 universitetdən 254 komanda ilə mübarizə aparan Azərbaycan komandası 4 məsələni həll edib.

Qeyd etmək lazımdır ki, ICPC finallarında iştirak etməklə yanaşı, ADA Universitetinin komandası ICPC 46-47-nin əlavə tədbiri kimi keçirilən “Huawei Challenge”də iştirak edib. Komanda 247 komanda ilə mübarizə apararaq, 136-cı yerdə qərar tutub. Bundan əlavə, ADA Universitetinin nümayəndə heyətinin rəhbəri Fuad Hacıyev Azərbaycan regionu üzrə direktor Etibar Seyidzadə və Texniki Direktor Rauf Süleymanlı ilə birlikdə ICPC regional nümayəndələrinin illik toplantılarında Azərbaycan regionunun baş hakimi kimi iştirak edib.Fuad Hacıyev “ADA Universiteti komandasının nailiyyəti Azərbaycan proqramlaşdırma ictimaiyyətinin nailiyyətidir”,- deyə qeyd edib.Azərbaycan nümayəndə heyətinin final səfəri “Technest” layihəsi çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsi (ICPC) 1977-ci ildən bəri mütəmadi olaraq keçirilir. Hər il dünyanın 100-dən çox ölkəsində 3000-dən çox nüfuzlu universitetdən 50000-dən çox tələbə (16000-dən çox komanda) müsabiqənin seçim mərhələlərində iştirak edir.Azərbaycan ali məktəblərinin komandaları 2000-ci ildən bu yarışda iştirak edir.

Oxşar Xəbərlər