Fevralın 2-də Milli Məclisin Gənclər və idman komitəsində 2 fevral – Gənclər Günü ilə əlaqədar ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və bir qrup fəal gənclərlə görüş keçirilib.
“QİA.AZ” xəbər verir ki, görüşü Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev açaraq iştirakçları salamlayıb. Vitse-spiker Azərbaycanda gənclər siyasətinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ümummilli liderin bu sahəni daim diqqət mərkəzində saxladığını deyib. Qeyd edilib ki, ölkəmiz dünyada Gənclər Forumu keçirən ilk ölkələrdən biridir. İlk dəfə 1996-cı il fevralın 2-də baş tutan Azərbaycan Gənclərinin I Forumundan artıq 25 il ötür.
O vurğulayıb ki, hazırda dövlət başçısı İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən gənclər siyasətinin əsas xəttini gənclərin ölkənin ictimai-siyasi həyatında yaxından iştirakı təşkil edir. Qeyd edilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən aparılan 44 günlük Vətən müharibəsində gənclərimiz ağlasığmaz şücaətlər göstərib, bu şərəf savaşında istər ön cəbhədə, istərsə də arxa cəbhədə ləyaqətlə vuruşublar. Hərbdə olan gənclər ön cəbhədə düşmənin başına od yağdırıb, müqəddəs torpaqlarımızı mənfur yağıların işğalından azad edib, arxa cəbhədə olan gənclər də informasiya cəbhəsində düşmənə tutarlı cavablar verib, elmi, texniki və tarixi faktlara, araşdırmalara istinad edərək onları susdurublar. Vitse-spiker bu səbəblə bütün Azərbaycan gəncliyinə xüsusi minnətdarlığını ifadə edib, döyüşlərdə şəhid olan gənclərə Allahdan rəhmət, yaralı olanlara tezliklə şəfa diləyib.
Görüşdə iştirak edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvü Çinarə Kazımova ölkədə aparılan gənclər siyasətinin uğurlu istiqamətlərindən, gənclərimizin ictimai-siyasi həyatda aktiv iştirakından söz açıb.
Sonra “Karabakh is Azerbaijan” Milli Platformasının rəhbəri Şəbnəm Səfərova, “İrəli” İB-nin sədri, Vətən müharibəsi iştirakçısı Şahin Rəhmanlı gənclərimizin Dağlıq Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı ön və arxa cəbhədəki xidmətlərindən danışıblar.
Görüşdə iştirak edən Diaspora ilə İş üzrə Dövlət Komitəsinin əməkdaşı, “Karabakh is Azerbaijan” milli platformasının koordinatoru Bəxtiyar Rəhimov həmin günlərdə xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin tarixi həqiqətlərin və müharibə faktlarının dünya ictimaiyyətinə çatdırılmasındakı rolunu diqqətə çatdırıb.
Görüşdə gəncləri narahat edən məsələlər müzakirə edilib, iştirakçıların qanunvericiliklə bağlı təklifləri dinlənilib. Parlamentin gənclər təşkilatları ilə qarşılıqlı əməkdaşlığının intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.
Toplantıda həm çıxışçılar, həm də həmin günlərdə ermənilərə qarşı informasiya müharibəsində fəal virtual mübarizə aparan, 200 nömrəli məktəbin 11-ci sinif şagirdi Sofiya Məmmədova və vaxtaşırı Vikipediyada tutarlı faktlara əsaslanan materiallarla çıxış edən Ayxan Zayıdzadə Gənclər və idman komitəsinin Fəxri Fərmanı ilə təltif ediliblər.