MN dağlıq ərazidə xidmət edən əsgərlərin donvurmadan qorunması üçün görülən işləri açıqlayıb

Fev 10, 2021

“Orta və yüksək dağlıq rayonlarda hava şəraitinin (temperaturun) tez-tez və kəskin dəyişməsi, hündürlük artdıqca havada oksigenin parsial təzyiqinin azalması, yüksək insolyasiya və ionizasiya, eləcə də fiziki və psixi yorğunluq həmin ərazidə xidmət edən şəxsi heyətə, o cümlədən döyüş mövqeyində olan hərbi qulluqçulara üzücü təsir göstərir və onlar arasında donvurma hallarının olmasına səbəb olur”.

“QİA.AZ” xəbər verir ki, bunu Silahlı Qüvvələrin Baş Sanitar həkimi, tibb xidməti polkovnik-leytenantı Surxay Məmmədov deyib.

Onun sözlərinə görə, donvurma səthi və dərin ola bilər: “Yanıqdan fərqli olaraq onun dərəcəsini ilkin baxış zamanı yox, yalnız 12-24 saatdan sonra təyin etmək mümkündür. Donvurma zamanı zədələnmiş nahiyədə hissiyyatın itməsi, dərinin həssaslığının kəskin azalması, zədələnmiş nahiyənin quruması, keyləşməsi, donmuş sahənin bərk və ya yumşaq olması, şişkinlik, isinəndən sonra suluqların əmələ gəlməsi, dəri rənginin dəyişməsi, barmaqlarda gizildəmə, qızdırılma zamanı don vuran yerin ağrı verməsi, yanğı hissi və s. əlamətlər yaranır. Çox vaxt donvurma soyuq qış günlərində, temperatur 10 dərəcə selsidən aşağı olduqda baş verir. Lakin uzun müddət, xüsusən də yüksək nəmlik və güclü külək zamanı yataqxanadan kənarda qaldıqda, hətta bəzən havanın temperaturu 0 dərəcədan yuxarı olduqda, yaz və payız aylarında da rast gəlinə bilər. Meteoroloji amillərdən başqa, donmaya dar, nəm paltar və ayaqqabı, fiziki yorğunluq və uzun müddət məcburi hərəkətsiz, rahat olmayan vəziyyət, aclıq, keçirilmiş xəstəlik nəticəsində orqanizmin zəifləməsi, ayaqların tərləməsi, aşağı ətrafların və ürək-damar sisteminin xroniki xəstəlikləri, qanitirmə, zədə, siqaretçəkmə, alkoqol sərxoşluğu və s. də səbəb olur”.

Donvurma zamanı ilkin tibbi yardım barədə danışan həkim bildirib ki, soyuğun bütün orqanizmə təsiri termorequlyasiyasının pozulmasını və bütün orqanizmin soyumasını (hipotermiya) yaradır: “Hipotermiya – ətraf mühitin aşağı temperaturunun təsirindən bədənin itirdiyi istiliyi bərpa edə bilməməsi və ümumi soyumasıdır. Ümumi soyumada zərərçəkmiş süstdür, etinasızdır, dəri örtüyü solğundur, soyuqdur. Nəbz seyrəlir, bədən temperaturu 35 dərəcə selsidən aşağı enir. Bu zaman ürək ritmləri pozulur və nəticədə ürək dayanır. Donvurma zamanı zədələnmiş nahiyələrdə dəri soyuq olur, rəngi göyərir, hissiyyatı itir. Ona görə də zərərçəkmişdə həm donvurma, həm də hipotermiya əlamətləri müşahidə edilirsə, birinci növbədə hipotermiyadakı kimi yardım göstərmək lazımdır, çünki insan bədəni qısa müddətdə qızdırılmazsa, bu vəziyyət ölümə gətirə bilər. Amma bu vəziyyətdə donvurmanı da yaddan çıxarmaq olmaz, çünki ağır dərəcədə donvurma ətrafın amputasiyasına səbəb ola bilər. Donvurma zamanı ilkin tibbi yardımın əsas məqsədi zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan qorumaqdır. Bunun üçün zərərçəkmişi isti otağa gətirmək, ayaqqabıları və əlcəkləri çıxarmaq lazımdır. Donmuş orqan əvvəlcə quru yun parça ilə qızarana qədər sürtülməli (olmazsa, əllə ovuşdurmaq, nəfəslə isitmək), sonra ilıq su tökülmüş ləyənə yerləşdirilməli, 10 dəqiqə müddətində suyun temperaturu 40,5 dərəcə selsiyə çatdırılmalıdır. Ətrafda hissiyyat və qan dövranı bərpa olunduqdan sonra qurulamaq, 33 faizli spirtlə silmək və pambıq-tənzif bintlə sarımaq lazımdır (təmiz, ütülənmiş corab geyindirmək olar). Ümumi soyuma olduqda zərərçəkmişi isti adyalla örtmək, yanına isitqac düzmək, isti çay vermək lazımdır. Dərin donma əlamətləri varsa, yalnız isidici sarğı qoyulmalıdır. Əgər bunları etmək imkanı yoxdursa, donmuş ətraflar bədənin isti yerlərinə və s. yaxın saxlanılır. Üz kimi açıq nahiyələrə təzyiq göstərmədən əl və ya əlcək qoyub isidilir. Əlləri qoltuq altında və ya sinədə qızdırmaq olar. Bundan başqa zədələnmiş nahiyəyə tarım çəkilmiş steril quru sarğı qoyulur, əl və ayaq barmaqlar donmuşsa, onların arasına pambıq və ya tənzif qoyulur. Ayaqların donu açılandan sonra zərərçəkənin gəzməsinə icazə verilmir. Huşu aydın olan zərərçəkənə isti çay və yemək verilir, suluqlar deşilmir, zədələnmiş nahiyəni əllə ovuşdurmaq, qarla sürtmək və ona təzyiq göstərmək olmaz. Zədələnmiş nahiyənin qarla sürtülməsi dərinin daha da soyumasına, dəridə cızıqların əmələ gəlməsinə, onların infeksiyalaşmasına və dəridə yerləşən toxumaların zədələnməsinə səbəb olur. Bədənin donmuş hissələrini birdən-birə və birbaşa açıq alov, isti butulka və isti kərpiclə qızdırmaq olmaz”.

Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsində hərbi hissələrin tibbi bölmələri isidici avadanlıqlarla, yanacaq, yataq kisələri, xüsusi geyim, ilk yardım və təxliyə vasitələri ilə, o cümlədən isitqac və əlavə adyallarla təmin olunduğunu vurğulayan həkim donvurmaya məruz qalmamaq üçün görülən qabaqlayıcı tədbirlərdən də danışıb: “Yüksək dağlıq ərazilərdə xidmət keçmək üçün göndərilən əsgərlər seçilir, fiziki və psixoloji hazırlığı yoxlanılır.

Həmçinin şəxsi gigiyena qaydalarına əməl etmələri üçün hər cür şərait yaradılır. Xidməti yerlərinə göndərilməzdən əvvəl hərbi qulluqçular tibb məntəqəsində tibbi müayinədən keçirilir, ehtiyac olduqda hospitallarda dərin tibbi müayinə aparılır. Hərbi qulluqçuların faktiki enerji itkilərinin qidalanmaları ilə mütənasib olmasına, qida rasionuna, həmçinin su təchizatına daim tibbi nəzarət edilir. Hərbi hissələrdə donvurmaların qarşısının alınması üçün metodik köməklik göstərilməsi məqsədilə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən telefonoqramlar və məktublar göndərilir, hərbi həkimlər tərəfindən şəxsi heyət məlumatlandırılır.
Bunlarla yanaşı, hər bir hərbi qulluqçu da fərdi olaraq kəskin soyuqlar zamanı düzgün qidalanmalı, quru və isti geyinməlidir. Soyuq havalarda döyüş növbətçiliynə çıxmazdan əvvəl çoxlu maye içmək lazımdır. Uzun müddət soyuqda qalanda əllərin şişərək göyərməməsi üçün onu ovuşdurmaq və mütləq əlcək geyinmək, ağrılar olduqda fəal şəkildə tərpətmək lazımdır”.

Oxşar Xəbərlər