Cəmiyyət

Möhtəşəm 59-lar…

Movavi

“Əziz dostlar, təxminən, 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq”. Bu  kəlamlar avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışında söylədiyi dəyərli fikirlərdir. O fikirlər ki, son 30 ilin şahidi olan hər bir insanı düşünməyə vadar edir, olanları-keçənləri bir-bir gözlər önünə gətirir. Bu dəyərli kəlamları dinləyən əli qələm tutan bir kimsənin qələmini əlinə götürməməsi mümkün deyil.

Cənab Prezidentimizin dünənki çıxışındakı 59 yaş müqayisəsini dinlədikcə bu gün yazımın sərlövhəsi olan  “Möhtəşəm 59-lar…”  fikri ruhumu dolaşırdı. Dolaşdıqca da Azərbaycanın dünəni və bu günü üçün doğulmuş insanların bu xalq, millət üçün fədakarlıqlarının qürurunu yaşayır, dünənlə bu günün müqayisəsində “Nə yaxşı ki, ulu yaradan sizləri bu xalqın qurtuluşu üçün göndərmişdir”,- deyirdim. Dahilərdən biri yaxşı ataların yaxşı oğulları olur, deyib.  Ata və oğul… 30 ilin əvvəli və 30 ilin sonu… Bu bir qərinəyə yaxın dövrün əvvəlində də, axırında da bir ailə, onun görkəmli nümayəndələri dayanır. Ümummilli liderimiz Heydər Əliyev əgər 30 ilin əvvəlində Azərbaycanın xilası üçün  xalqın tale payına çevrilmişdirsə, cənab İlham Əliyev 30 ilin 17 ilinin gərgin mübarizələrindən sonra Azərbaycanın gözü olan Qarabağın xilaskarına çevrildi.

Azərbaycan 30 ilin əvvəlində müstəqillik uğrunda mübarizəyə qoşulan, elə  buna görə də sosial-iqtisadi gərginliyə sürüklənən, səsini çıxarmasın deyə başına min bir oyunlar açılan ölkə idi. “Azadlıq, azadlıq…” çağırışları, mücadilələri qarşılığında torpaqları işğal olunan bir xalq idi. Paytaxtınadək şovinist əllərin, yırtıcı düşüncələrin uzandığı ölkə idi. Çünki isanlar müstəqillik, azadlıq istəyirdi. Bu isə heç də təbii qarşılanmır, xalq azadlıq deyənin dilinin kəsilməsi, müstəqillik istəyənin ruhunun məhv edilməsi burulğanında çabalayırdı. Ölkə rəhbərləri isə belə bir vəziyyətdə yenə də öz kreslolarını qorumağa davam edir, “qardaşlarının” hər əmrinə tabe olmaqla, doğma qardaşlarını olmazın fəlakətləri ilə üz-üzə qoyurdular. Belə bir dövrdə ulu öndər Naxçıvandan Bakıya çağırıldı. Azərbaycanın artıq tənəzzülə uğradığını,  məhv olduğunu, parçalandığını görən xalqın son çarəsi bundan başqa heç nə deyildi. Böyük öndər millətinin əsl xilaskarına çevrildi. Bir-birinin ardınca satılmaqda olan torpaqların coğrafiyasının genişlənməsinin qarşısını aldı. Birinci Qarabağ müharibəsinin acıları, fəlakətləri, çətinlikləri fonunda Azərbaycanı dirçəltməyə nail oldu. Ən əsası isə ölkənin iqtisadi vəziyyətini yüksəltməklə ordu quruculuğunun-ölkənin müdafiə potensialının, eyni zamanda İkinci Qarabağ müharibəsində qələbənin təməlini qoydu. Ümumilikdə, Azərbaycanda yeni bir Azərbaycan yaratdı ulu öndərimiz. O Azərbaycan ki, artıq müstəqil, azad oldu. Dünyanın tanıdığı, dünyaya çıxışı olan, beynəlxalq müqavilələrin imzalandığı bir məkana çevrildi.

Və 30 ilin sonu. Birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsi arasındakı zaman kəsiyi… Azərbaycanın hərtərəfli inkişafı, tərəqqisi fonunda  hələ də öz həllini tapa bilməyən Qarabağ problemi. Cənab Prezidentimizin 17 il ərzində beynəlxalq təşkilatlarla apardığı danışıqlara, qan tökmədən, müharibə etmədən torpaqlarımızın qaytarılması üçün etdiyi cəhdlərə baxmayaraq, həmin təşkilatların susması sükutun hayqırtısı ilə nəticələndi.  Ermənilərin yeni torpaqlar işğalı məqsədilə sərhədlərimizdə yaratdıqları təxribatlar Ali Baş Komandanın Azərbaycan Silahlı Qüvvələrinə əmri ilə müharibənin başlanmasına səbəb oldu. İkinci Qarabağ müharibəsi başlandı. 30 ilin əvvəli ilə axırının müqayisəsi başladı. 30 ilin əvvəlindəki Azərbaycanda gördüklərinə bənzər mənzərə ilə qarşılaşacaqlarını, yenə də yeni torpaqlar işğal edəcəklərini düşünən düşmən bu dəfə xəyal qırıqlığına uğradı. 44 gündə ordusu məhv edildi. Yalvarmağa, diz çökməyə məcbur oldu. Azərbaycan Ordusu anası Azərbaycandan 30 il aralı qalmış Qarabağın hər bir yurdu uğrunda can qoydu. 30 ildə gücləndirilmiş ordumuz Qarabağın xilaskarı oldu. Minlərlə şəhid verdik, qazilərimiz, itkinlərimiz oldu, lakin Zəfər də Azərbaycan xalqının oldu. Çünki bu haqq işi idi millətimizin. Əzəli torpaqlarına qayıtmaq, onları ana Vətənə qaytarmaq, minlərlə köçkün, qaçqının yurd həsrətinə son qoymaq idi məqsəd. Və bütün bunlara nail olduq da.

Ötən ilin payızında Qarabağa erkən bahar gəldi. O bahar ta yerini başqa bir fəslə vermir. Bahar bürüyüb Qarabağı. Gül-gülə, çiçək-çiçəyə qarışıb və qədim yurd yerlərimizin abadlaşdırılması ilə bir harmoniya yaradıb. Avqustun 29-30-da Şuşada keçirilən tədbirlər  də bu yurd yerlərimizdə zəfərdən bəri görülən işlərin kontekstində “Şuşa Qarabağın tacıdır”,- deyən cənab İlham Əliyevin bundan sonra da böyük diqqət və qayğısı sayəsində, ümumilikdə, Qarabağın dirçəlişi ilə nəticələnəcək. Çünki necə ki, 30 ilin əvvəlində Şuşa işğal olunmaqla Qarabağ itirilmişdi, onun inkişafı ilə də bütün Qarabağ taclanacaq, öz gözəlliyinə qovuşacaqdır.

Cənab Prezident, bəli, apardığınız 59-ların müqayisəsi heç də təsadüfi deyil, qeyd etdiyiniz kimi, tarixin təkrarlanmasıdır. Oxşar həyatın, fəaliyyətin təntənəsidir. Yaxşı ataların əməlinin, işinin yaxşı oğullar tərəfindən davam etdirilməsi, ata vəsiyyətinin reallaşdırılması, ümumilikdə isə xalqa, Vətənə məhəbbətin, sadiqliyin təzahürüdür. Bütün bunların fonunda isə böyük bir xalqın sevgisini qazanmaq və tarixində əbədiyyən Qalib Sərkərdə kimi yaşamaqdır. Sizinlə qürur duyuruq!

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button