Noyabrın 10-da Moldova sakinləri paytaxt Kişineu şəhərinin mərkəzi meydanında Ştefan Çel Marenin abidəsi önünə toplaşaraq, illərdir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tarixi qələbəsini qeyd edib.
“QİA.AZ” xəbər verir ki, səfir Qüdsi Osmanov çıxış edərək ölkəmizin əldə etdiyi şanlı qələbə münasibətilə azərbaycanlıları təbrik edib, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini, bu böyük zəfərin xalqımıza və dünya azərbaycanlılarına bəxş etdiyi qürur və fəxarət hissinin əvəzsiz olduğunu dilə gətirib, Qarabağ qələbəsinin ölkəmizin rəhbərliyinin səriştəsi, milli ordumuzun gücü və xalqın dəstəyi nəticəsində əldə olunduğunu vurğulayıb.
Daha sonra moldovalı deputat Sergiu Sirbu çıxışında azərbaycanlıları bu əlamətdar hadisə ilə bağlı təbrik edib, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı əldə edilən uğurun digər oxşar münaqişələrin həlli yolunda da nümunə olacağına ümid etdiyini bildirib.
Meydana toplaşanlar arasında qardaş Türkiyənin Moldovadakı Səfirliyinin əməkdaşları da nitq söyləyərək soydaşlarımızı ölkəmizin hərb və siyasət meydanında əldə etdiyi şərəfli qələbəyə görə təbrik edib.
Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov Azərbaycanın əldə etdiyi uğurlar və bu böyük zəfər gününün bütün həmyerlilərimizi bir araya gətirərək bir yumruq ətrafında sıx birləşməsinə və daha da güclənməsinə səbəb olduğunu bildirib. MAK-ın gənc istedadlı üzvləri ölkəmizin həqiqətlərini, siyasi və hərbi sahədə qazandığı qələbə barəsində rumın dilində nitq söyləyərək Moldova ictimaiyyətini məlumatlandırıb. Bundan əlavə, Moldovada Azərbaycan icmasının ağsaqqalı Firuz İsayev təbrik nitqi söyləyərək Kişineu meydanında keçirilmiş tədbirin ilk hissəsini yekunlaşdırıb.
Qeyd edək ki, tədbirin sonunda Moldovanın bir sıra xəbər agentlikləri və telekanallarının iştirakı ilə səfir Q.Osmanov tərəfindən mətbuat brifinqi keçirilib. Brifinqdə səfir Moldova ictimaiyyətinə Azərbaycanın şanlı qələbəsi və ölkəmizin haqlı mövqeyini əks etdirən məlumatlar verib, yerli jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Daha sonra həmin gün zəfər tədbirinin iştirakçıları Türkiyənin Moldovadakı Səfirliyinə gedərək Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün vəfatının ildönümü münasibətilə büstü önünə gül dəstələri qoyub, görkəmli şəxsiyyətin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbir Moldovadakı səfirliyimizdə davam etdirilib. Orada ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, müstəqil Azərbaycanın qurucusu və xilaskarı olan ümummilli liderimizin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən söhbət açılıb.
Qələbə münasibətilə səfirlikdə bayram ziyafəti təşkil edilib, iştirakçılara milli mətbəxə məxsus şirniyyatlar təqdim olunub, həmvətənlərimiz Azərbaycanın xalq rəqslərinin sədaları altında rəqs edib, vətənpərvərlik şeirləri və çıxışları söyləyib. Tədbir Kişineu şəhərində Azərbaycanın ərazi bütövlüyünün bərqərar olmasına həsr edilmiş təntənəli qələbə atəşfəşanlığı ilə yekunlaşdırılıb.