“Lüksemburqdan asılı olmağımıza baxmayaraq, qarşıdakı iki oyunda qələbə qazanmaq niyyətindəyik. Bəlkə də əsas rəqibimiz büdrəyəcək. Amma əvvəlcə öz matçlarımıza baxmalıyıq. İki çətin komandanı məğlub etməliyik”.
“QİA.AZ”ın məlumatına görə, bu fikirləri Monteneqro millisinin baş məşqçisi Faruk Hecibegiç Qazaxıstanla yoldaşlıq oyunundan (0:0) sonra keçirilən mətbuat konfransında UEFA Millətlər Liqasında Azərbaycan və Kiprlə oynayacaqları matçlar barədə danışarkən deyib.
63 yaşlı mütəxəssis sözügedən qarşılaşmalar üçün heyəti müəyyənləşdirmədiyini bildirib: “Düşünürəm ki, Azərbaycanla oyunda meydana ən yaxşı komanda çıxacaq. Bir daha deyirəm ki, komandadakı ab-havadan məmnunam. Futbolçuların istəyi və futbola sevgisi hər gün bir az daha artır”.
Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.