Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Apr 16, 2023

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında 2023-2024-cü tədris ili üçün bu ali məktəbə qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” günü keçirilib. Tədbirə 500-dən çox şagird qatılıb.

QİA.AZ xəbər verir ki, tədbiri açan Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Ümumi topologiya və həndəsə kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Yuri Sadovniçi “Açıq qapı” günündə iştirak edən professor-müəllim heyətini təqdim edib.

MDU-nun Bakı filialının tarixi haqqında məlumat verən Yuri Sadovniçi xatırladıb ki, əgər 2008-ci ildə Bakı filialı üç fakültə – Tətbiqi riyaziyyat, Kimya və Filologiya fakültələri ilə fəaliyyətə başlamışdısa, sonralar Psixologiya, İqtisadiyyat və Fizika fakültələri də açılıb. Filialın bütün fakültələri üzrə magistratura təhsili almaq mümkündür. Ali təhsil müəssisəsinin bu və digər uğurları MDU-nun Bakı filialının rektoru, akademik Nərgiz Paşayevanın böyük xidmətləri sayəsində reallaşıb. Filial təkcə təhsil müəssisəsi deyil, eyni zamanda, Azərbaycanda nüfuzlu elmi-tədris mərkəzidir. Yəni burada elmi tədqiqatlar da aparmaq mümkündür.

2012-ci ildən etibarən Bakı filialında tədris Xocasəndə yerləşən mükəmməl kampusda aparılır. Burada tələbələrin təhsili və istirahəti üçün hər cür şərait yaradılıb. Tədris rus dilində, əyani təhsil formasında, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris planları və proqramları əsasında müasir innovasiya texnologiyaları və tədris üsullarının tətbiqi ilə keçirilir. Məzunlara dünyada tanınan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin diplomu verilir. Məzunlar Azərbaycanda və xaricdə müxtəlif nüfuzlu qurumlarda çalışırlar.

Xatırladılıb ki, hələ 2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiadası MDU-nun Bakı filialının maddi-texniki bazası əsasında ən müasir avadanlıqlardan istifadə edilməklə təşkil olunub.

“Açıq qapı” günündə Qəbul komissiyasının məsul katibi, fizika-riyaziyyat elmləri namizədi, Diferensial həndəsə və tətbiqlər kafedrasının dosenti Denis İlyutko qəbul qaydaları haqqında ətraflı məlumat verib. Bildirib ki, qəbulla bağlı bütün məlumatları Bakı filialının http://msu.az/ saytından öyrənmək mümkündür.

Azərbaycan Respublikasında büdcə hesabına ali təhsil almış vətəndaşlar istisna olunmaqla, respublika vətəndaşları üçün bakalavr səviyyəsində təhsil pulsuzdur. Həmçinin əvvəllər büdcə hesabına ali təhsil almamış və Azərbaycanda daimi yaşayan əcnəbilər üçün təhsil ödənişsizdir.

Filiala qəbul imtahanına buraxılmaq üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanda iştirak etmək lazımdır. Bu zaman istənilən (I-IV) ixtisas qrupu üzrə DİM-in qəbul imtahanında ən azı 150 bal toplamaq tələb olunur.

Ərizələri yalnız bir fakültəyə vermək olar. Lakin fakültədə bir neçə tədris proqramı varsa, bütün istiqamətlər üzrə ərizə vermək mümkündür, eyni zamanda prioriteti göstərmək lazımdır. Ərizə forması http://msu.az/ saytında və ya DİM-in saytında (http://dim.gov.az/) doldurula bilər. Sualı olanlar [email protected] ünvanına yaza bilərlər.

MDU-nun Bakı filialının magistraturasına da qəbul olmaq üçün əvvəlcə DİM tərəfindən keçirilən imtahanda iştirak etmək lazımdır. Bu zaman DİM-in keçirdiyi magistraturaya qəbul imtahanında azı 40 bal toplamaq tələb olunur. Azərbaycan Respublikasında büdcə hesabına magistratura təhsili almış vətəndaşlar istisna edilməklə, respublika vətəndaşları üçün magistratura təhsili pulsuzdur. Həmçinin əvvəllər büdcə hesabına magistratura təhsili almamış və Azərbaycanda daimi yaşayan əcnəbilər üçün təhsil ödənişsizdir.

“Açıq qapı” günündə M.V.Lomonosov adına MDU-nun Mexanika-riyaziyyat fakültəsinin Diferensial tənliklər kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Qriqori Çeçkin, Fizika fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul, Ümumi fizika kafedrasının müdiri fizika-riyaziyyat üzrə elmləri doktoru, professor Aleksandr Saletski, Kimya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul, Fiziki kimya kafedrasının aparıcı elmi işçisi, kimya elmləri namizədi Yekaterina Altova, MDU-nun Bakı filialının İqtisadiyyat fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul, Dünya iqtisadiyyatı kafedrasının dosenti, iqtisad elmləri namizədi Ceyhun Hüseynov, Psixologiya fakültəsinin Təhsilin psixologiyası və pedaqogika kafedrasının dosenti, psixologiya elmləri namizədi İqor Mojarovski, Filologiya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul, İngilis dilçiliyi kafedrasının dosenti, filologiya elmləri namizədi İnna Svetovidova çıxış ediblər.

Diqqətə çatdırılıb ki, Bakı filialının Kimya və Fizika fakültələrinin laboratoriyaları ən müasir avadanlıqla təchiz edilib. Tələbələr nəzəriyyə ilə yanaşı təcrübi biliklərə ən yüksək səviyyədə nail olurlar. Fakültələrdə oxumaq çətin olsa da, məzunların iş tapmaqda problemləri olmur. Filialın elmi-tədqiqat işi müasir elektron kitabxananın bazası, habelə ən qabaqcıl avadanlıqlarla təchiz edilmiş 21 laboratoriya və linqafon kabinet əsasında aparılır.

“Açıq qapı” günündə çıxış edənlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar. Sonra iştirakçılara xüsusi avtobuslarda Xocasəndə MDU-nun Bakı filialının kampusuna getmək imkanı yaradılıb.

Beləliklə, tədbir iştirakçıları bu ali təhsil müəssisəsinin Filologiya, Tətbiqi riyaziyyat, Kimya, Psixologiya, İqtisadiyyat və Fizika fakültələrində bakalavr və magistr hazırlığı ilə bağlı hərtərəfli məlumat əldə ediblər.

Oxşar Xəbərlər