Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.
“QİA.az”ın xəbərinə görə, Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Mərkəzində keçirilən tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.
Məhdud formatda başlayan iclas daha sonra geniş tərkibdə davam etdiriləcək.
İclasda MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev, Rusiya və Belarus xarici işlər nazirləri çıxış edəcəklər.
Qeyd edək ki, XİN başçıları Şurasının iclasının gündəliyinə MDB çərçivəsində əməkdaşlığın əsas istiqamətləri daxil edilib. Xarici siyasət idarələrinin rəhbərləri beynəlxalq mövzular barədə fikir mübadiləsi aparacaqlar. MDB çərçivəsində çoxplanlı əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini, o cümlədən hüquq-mühafizə orqanları və humanitar sahələrdə əməkdaşlığı müzakirə edəcəklər. Böyük Vətən müharibəsinin başlanmasının 80-ci ildönümü ilə əlaqədar XİN başçıları MDB dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciət layihəsinə baxacaqlar. İclasın yekununda qəbul olunacaq sənədlər bu ilin 28 may tarixində Minskdə keçiriləcək MDB dövlətləri hökumət başçılarının Şurasına və 15 oktyabr tarixində keçiriləcək MDB dövlət başçıları Şurasının iclasına təsdiq olunmaq üçün göndəriləcək.
QİA.az