Bu gün qardaşınız, Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla telefon danışığınız olub. Amma təyyarəyə minməzdən əvvəl mənə yenidən zəng etdi, Sizə salamlarını və təbriklərini çatdırmağımı bir daha söylədi.
“QİA.AZ” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 10-da Prezident İlham Əliyevlə görüş zamanı bildirib.
Dövlətimizin başçısını qələbə münasibətilə bir daha təbrik edən Mövlud Çavuşoğlu deyib: “Sizin qələbəniz, bizim qələbəmizdir, – bu böyük zəfər münasibətilə təbrik edirik. Ali Baş Komandan olaraq, Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu nə edə bildiyini dosta, düşmənə nümayiş etdirdi, eyni zamanda, türkün gücünü də göstərdi. Bu prosesdə Sizin rəhbərliyinizlə qardaş Azərbaycan həm döyüş meydanında, həm də masada mövcudluğunu da göstərdi. Döyüş meydanında qələbələrinizə baxmayaraq, sülh yolu ilə, atəşkəs yolu ilə də bu münaqişənin həlli üçün böyük bir liderlik göstərdiniz”.
Türkiyənin xarici işlər naziri əmin olduğunu vurğulayıb ki, döyüş meydanındakı qələbələrlə yanaşı, Azərbaycanın digər torpaqları qısamüddətli bir təqvimlə yenidən, Can Azərbaycana qaytarılacaq.