“Son hadisələr Azərbaycan torpaqlarının 30 il davam edən işğalının sonsuza qədər davam etməyəcəyini göstərdi”.
“QİA.AZ” xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının bu gün başlamış iclasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O, daim beynəlxalq hüququn tərəfində olduqlarını da qeyd edib.
“ATƏT-in Minsk qrupunun üzv ölkəsi olaraq biz bu münaqişənin uzunmüddətli həlli üçün əlimizdən gələn səyləri göstərməyə daim hazırıq. Həmişə münaqişənin beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT prinsiplərinə əsasən həll olunmasının vacibliyini bildirmişik. Münaqişə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”, – deyən türkiyəli nazir Azərbaycan ilə Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı 30 il sonra sülh üçün həqiqi şans olaraq dəyərləndirib:
“Bu fakt regional sabitlik üçün, o cümlədən Azərbaycan – Ermənistan, Türkiyə – Ermənistan münasibətləri üçün müsbət hadisədir”.