Müdafiə naziri ASELSAN şirkətinin sədri ilə görüşüb (FOTO)

Noyabrın 23-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin ASELSAN şirkətinin idarə heyətinin sədri və baş direktoru cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Müdafiə naziri ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində müsbət addımlar atıldığını, hər iki ölkə başçılarının dostluq və qardaşlıq münasibətlərinin Azərbaycan-Türkiyə əlaqələrinin bütün istiqamətlərdə genişlənməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Nazir Vətən müharibəsində istifadə olunan ASELSAN şirkətinin istehsalı olan texniki avadanlıqların yüksək keyfiyyətə malik olduğunu xüsusi vurğulayıb.

Görüşdə müasir döyüş əməliyyatlarının aparılmasının yeni üsul və metodları, həmçinin qoşunlarımızın texniki təchizatının daha da gücləndirilməsi məqsədilə iki qardaş ölkənin həyata keçirdiyi birgə layihələr müzakirə edilib.

Bildirilib ki, Azərbaycan Ordusunun dünyanın ən müasir silah və hərbi texnikası, o cümlədən qabaqcıl informasiya texnologiyaları ilə təchiz edilmiş, geniş rabitə sistemlərinə malik peşəkar ordu kimi inkişaf etdirilməsi qoşunlarımızın gizli, operativ idarəolunmasını, onların manevr imkanlarının, ümumilikdə isə döyüş qabiliyyətinin artırılmasını təmin edəcək.

Müdafiə naziri ASELSAN şirkətinin sədri ilə görüşüb (FOTO) - Gallery Image
Müdafiə naziri ASELSAN şirkətinin sədri ilə görüşüb (FOTO) - Gallery Image

Oxşar Xəbərlər