Rəsmi Ankaranın Suriya ilə bağlı mövqeyi son dərəcə aydındır. Türkiyə qonşu ölkənin terrorçuların olmadığı və ola bilməyəcəyi, inkişaf edən, sabit və demokratik dövlətə çevrilməsinin tərəfdarıdır.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı, avqustun 29-da ölkənin Milli Müdafiə Nazirliyində bildirilib.
Nazirlikdə qeyd edilib ki, müdafiə nazirlikləri də daxil olmaqla, Türkiyə Suriya tərəfi ilə dialoqa hazırdır.
Türkiyə qoşunlarının Suriyanın şimal bölgələrində dislokasiyasına gəldikdə, Müdafiə Nazirliyində vurğulanıb ki, məhz Türkiyə qoşunlarının sayəsində qonşu respublikanın ərazi parçalanmasının və Suriya torpaqlarında terrorçuların nəzarət edəcəyi zonanın yaradılması planlarının qarşısı alınıb.
Nazirlikdə İraq və Suriya ərazilərindən gələn və hazırda aktual olan terrorizm təhdidinə xüsusi diqqət yetirilib: “Təkcə son həftə ərzində Türkiyə Silahlı Qüvvələri tərəfindən regionda 65 terrorçu zərərsizləşdirilib, ümumilikdə isə ilin əvvəlindən bu göstərici 1828-ə çatıb”.
Vurğulanıb ki, antiterror əməliyyatları, həmçinin İraq və Suriyanın Türkiyə ilə sərhəd bölgələrində də aparılır.