Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət edib

İyulun 12-də Müdafiə Nazirliyinin rəhbərliyi Tovuz döyüşlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə QİA.AZa Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub.

Sonra 2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən canlarını fəda etmiş şəhidlərimizin, eləcə də burada uyuyan bütün şəhidlərin məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.

Tovuz döyüşlərinin ildönümünə həsr olunan silsilə tədbirlər davam edir.

Oxşar Xəbərlər