“Muğanbank”ın əmanətçilərinə kompensasiyalar hansı banklarda ödəniləcək?

“Muğanbank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsi “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC vasitəsilə noyabrın 27-dən başlayaraq həyata keçiriləcək.

Bu barədə QİA.az-a məlumat Əmanətlərin Sığortalanması Fondundan verilib.

Bildirilib ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları ləğv prosesində olan “Muğan Bank” ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər.

Əmanətçilərdən kompensasiyaların alınması üçün “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin istənilən filial və şöbələrinə müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədlər və onların surəti, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi xahiş olunur. Həmçinin kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir.

Qorunan əmanətçilər ərizə formalarını noyabrın 27-dən etibarən “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin filial və şöbələrindən, eyni zamanda, Əmanətlərin Sığortalanması Fondunun www.adif.gov.az saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin bütün filial və şöbələri tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, əmanətlər “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq. Belə ki, sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya məbləği 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödəniləcək.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə etmək mümkündür.

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 24 oktyabr tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğanbank” ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin olunub. Həmçinin “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Muğanbank” ASC-də sığorta hadisəsi günü 2023-cü il noyabrın 24-ü müəyyən edilib.

 

Oxşar Xəbərlər