Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri ilə görüş olub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri ilə görüş keçirilib.

AHİK-dən Qia.az-a bildiriblər ki, görüşdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətində görülən işlər barədə danışıb, son zamanlar həmkarlar ittifaqları sistemindəki yenilikləri diqqətə çatdırıb.

“Müasir inkişaf reallıqları və bu günün çağırışları nəzərə alınmaqla, eləcə də mütərəqqi təcrübənin tətbiqi ilə qurumun fəaliyyəti təkmilləşdirilir. Artıq sanatoriya və kurort müəssisələrinin qış mövsümündə də səmərəli fəaliyyəti təmin olunur, mövsüm ərzində ittifaq üzvlərinə yollayışlar güzəştli şərtlərlə verilir. Həmkarlar ittifaqları tərəfindən müəssisə və təşkilatlarda işləyən veteranların da sosial müdafiəsi üçün konkret addımlar atılır, istirahət və müalicələri üçün güzəştli yollayışlar verilir ki, bu cür tədbirlər bundan sonra da davam etdiriləcək”, – deyə AHİK sədri bildirib.

O, həmçinin ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyəti üçün yaradılan əlverişli şəraitdən bəhs edərək Prezident İlham Əliyevin quruma göstərdiyi dövlət dəstəyini vurğulayıb.

Veteranlara olan yüksək münasibətdən danışan Konfederasiya sədri onlara ayrılan birdəfəlik maddi yardımların, pensiyaların ildən-ilə artırılmasının, mənzil və şəxsi avtomobillə təmin edilməsinin, pulsuz müalicəsinin dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın veteranlara xüsusi qayğısının göstəricisi olduğunu diqqətə çatdırıb.

Sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, əməkdaşlığın genişləndirilməsinə dair təkliflərini səsləndirib.

Görüşdə, həmçinin tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb.

Oxşar Xəbərlər