Musiqili Teatrda Qazaxıstan Mədəniyyət Günləri çərçivəsində “Qaragöz” tamaşası nümayiş olunub

Bakıda Qazaxıstan Mədəniyyət Günləri çərçivəsində dekabrın 3-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Qaragöz” tamaşası nümayiş olunub.

QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Fərhad Moldağali, bəstəkarı Oljas Jakypbek, səs tərtibatçısı isə Rahat Törejandır.

Qazaxıstanlı yazıçı Muxtar Auezovun faciə janrında qələmə aldığı “Qaragöz” əsəri köhnə adətlərin qurbanı olmuş iki gəncin taleyindən bəhs edir.

Tamaşada əsas obrazları canlandıran Sırım və Qaragözün dialoqunda bir-birinə aşiq olan gənclərin ürək çırpıntılarını aydın şəkildə hiss etmək mümkündür. İlk səhnədə Qaragöz sevgilisi, istedadlı şair Sırım ilə görüşüb, ona eyni qəbilədən olduqları üçün evlənə bilməyəcəklərini və zorla başqa qəbilənin hörmətli igidi Narşayla ailə həyatı quracağını bildirib. Əsərin kuliminasiya nöqtəsi Narşa ilə Qaragözün toyuna Sırımın gəlməsi hesab olunur.

Tamaşanın sonunda cəhalətin qurbanı olan Qaragöz vəfat edir.

Səhnə əsərindən baş rolları Mədinə Öserbayeva, Nurjan Asılxan və Maksat Raxmet canlandırıblar.

Oxşar Xəbərlər