Nəsimi rayonu — Nəsimi rayonu 1969-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yaradılmışdır.
Haqqında
Nəsimi rayonu onu əhatə edən indiki Yasamal, Səbail və Nərimanov rayonlarının əraziləri hesabına yaradılmışdır. Ərazisi 9 kvadrat kilometrdir. 1999-cu ildə keçirilmiş əhalinin ilk milli siyahıya alınmasının nəticələrinə görə, rayonun daimi əhalisi 196 min nəfər olmuşdur. Hazırda əhalinin sayı 202 073 nəfərdir.
Ermənistan Respublikasının təcavüzü nəticəsində 1988-ci ildən başlayaraq qaçqın düşmüş azərbaycanlıların bir qismi – 17.476 nəfəri və ya 3726 ailə müvəqqəti olaraq rayonun ərazisində məskunlaşmışdır. Azərbaycanın işğal olunmuş bölgələrindən olan məcburi köçkünlərin 11.401 nəfəri və ya 2797 ailə də Nəsimi rayonunda məskunlaşmışdır.
Nəsimi rayonunu paytaxtın giriş qapısı da adlandırırlar. Belə ki, Bakının giriş qapıları sayılan Dəmiryolu Sərnişin Vağzalı və Beynəlxalq Şəhərlərarası Avtovağzal bu rayonda yerləşir.
Şəhər Metropoliteninin “28 May”, “C.Cabbarlı”, “20 Yanvar” və “Əcəmi” stansiyaları da Nəsimi rayonu ərazisindədir.
Bakıdakı Heydər Əliyev adına “İdman-Konsert Kompleksi”, Respublika Velotreki rayonun tanınmış idman obyektlərindəndir.
Paytaxtın mərkəzində yerləşməsi rayonun sosial-iqtisadi, mədəni inkişafına müsbət təsir göstərmişdir. Hazırda rayon ərazisində 10-dan artıq istirahət parkı vardır.
Nəsimi rayonu təhsil müəssisələrinin sayına görə də paytaxtda birincidir. Dövlət ali məktəblərinin 5-i bu rayonda fəaliyyət göstərir. Rayonda onlarla ümumtəhsil məktəbi və uşaq bağçası vardır.
Paytaxtdakı mühüm səhiyyə ocaqlarının da əksəriyyəti Nəsimi rayonunun ərazisində yerləşir. Burada çoxlu sayda elmi-tədqiqat tibb institutu, klinik xəstəxana, doğum evi və poliklinika fəaliyyət göstərir.
Nəsimi rayonundakı 7 mehmanxana – “Avropa” oteli, “Bakı”, “İSR Plaza”, “Ambassador”, “Halekai”, “İrşad” və “Diplomat” mehmanxanaları paytaxtın qonaqlarına xidmət göstərir.
1969-cu ildə Nəsimi rayonu yaradılarkən burada 100-dən çox sənaye, tikinti və nəqliyyat müəssisəsi fəaliyyət göstərirdi. 70-ci illər bütün Azərbaycanda olduğu kimi, Nəsimi rayonunda da sənaye və iqtisadiyyatın yüksəliş dövrü olmuşdur. Rayon ərazisində ölkə əhəmiyyətli bir neçə sosial-mədəni obyekt yerləşir. Onlardan ən mühümü “Heydər Əliyev adına Saray”dır. Milli memarlıq elementləri ilə müasirliyin cizgilərini özündə üzvi şəkildə birləşdirən bu sarayın qarşısındakı parkda Heydər Əliyevin əzəmətli abidəsi ucalır.
Tarixi
Nəsimi rayonu 13.06.1969-cu il tarixdə yaradılmışdır.
Mədəniyyəti
Rayon ərazisində 8 ali məktəb (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Asiya Universiteti, Azərbaycan Universiteti, Bakı Qızlar Universiteti), 33 orta məktəb, 4 orta ixtisas və peşə məktəbi, 8 məktəbdənkənar tərbiyə müəssisəsi, 2 musiqi məktəbi, 47 körpələr evi-uşaq bağçası, 11 xəstəxana, 11 poliklinika, 13 memarliq abidəsi yerləşir.
Coğrafiyası və iqlimi
Nəsimi rayonu Xətai, Nərimanov, Binəqədi, Yasamal və Səbail rayonları ilə həmsərhəddir.
Əhalisi
əhalisi isə 01.10.2012-ci il tarixə rəsmi qeydiyyatda 215 120 nəfərdir.
Nəsimi rayonu | |
---|---|
Ölkə | Azərbaycan |
İcra başçısı | Asif Əsgərov |
Tarixi və coğrafiyası | |
Sahəsi | 10 km² |
Əhalisi | |
Əhalisi | 221 100 (2019) nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 12 |