Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib. Tədbirdə gənclər, könüllülər, kursantlar, Vətən müharibəsi iştirakçıları, təşkilatçı qurumların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, forum iştirakçıları əvvəlcə teatrın foyesində gənclərin hazırladığı stend və rəsm sərgisi ilə tanış olublar.Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin humanitar və sosial məsələlər üzrə məsul şəxsi Tükəzban Quliyeva, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, mədəniyyət naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov çıxış edərək, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla icra olunan gənclər siyasətindən, bu sahədə əldə olunan uğurlardan bəhs ediblər.

Qeyd olunub ki, ölkəmizdə gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi nəticəsində Azərbaycan gənci bütün sahələrdə ardıcıl nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Gənclərimiz ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Sevindirici haldır ki, Naxçıvan gəncləri də ölkə gəncliyinin aktiv bir parçası kimi istər təhsil, mədəniyyət, idman, istərsə də digər sahələrdə önəmli nailiyyətlərə imza atır, Vətən, cəmiyyət qarşısında faydalı fəaliyyətlər icra edirlər.

Çıxış edənlər gənclərə tövsiyələrini verib, onlara daimi həmrəylik və uğurlu gələcək arzulayıblar.Aktiv könüllülük fəaliyyəti və uğurları ilə seçilən Turanə Niftəliyeva gənclərə göstərilən dövlət qayğısına görə minnətdarlıq edib, forumun faydalı olacağına inamını ifadə edib.Tədbirdə Naxçıvan gənclərinə həsr edilmiş videoçarx nümayiş olunub.

Sonra Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəqqaslarının təqdimatında konsert proqramı təqdim edilib.

Oxşar Xəbərlər