5 yanvar 2021-ci il Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncam ilə ölkəmizdə bu il “Nizamiili” elan olundu. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu sərəncamla ədəbiyyatımıza, milli- mədəni irsimizə böyük töhfə verilmişdir. Nizami Gəncəvi irsinin yaşadılması , gənc nəsilə təbliğ edilməsi və tanıdılması üçün bu Sərəncam böyük bir addımdır.
Nizami Gəncəvi Gəncə şəhərində böyüyüb başa çatmış, təhsilini orada almış, zəmanəsinin elmlərinə dərindən yiyələnmişdir. Dünya ədəbi irsinə töhfə verməklə yanaşı öz xalqını da dünyada tanıtmışdır. “Xəmsə” si və digər əvəzsiz əsərləri ilə ədəbiyyatımızda dərin və silinməz izlər qoymuş, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutmuşdur. Nizami Gəncəvinin əsərlərini oxuyarkən əsas fikirin insanlar, bərabərlik və ədalət prinsinsipinə dayandığını açıq-aşkar görmək olur. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusəndə miniatur sənətinin inkişafına təkan vermişdir.
Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Nizamidən sonra xəmsə yazmaq ənənəsi Şərq ədəbiyyatında yayılmağa başlamışdır.
Nizaminin qəhrəmanlıq-romantik poeziyası sonrakı əsrlər boyunca, fars dilinin istifadə olunduğu bütün ərazilərdə özünü ona oxşatmağa çalışan gənc sənətkarların yaradıcılığına təsir etmiş, Azərbaycan, Əfqanıstan, Gürcüstan, Hindistan, İran, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan kimi müasir ölkələrin mədəniyyətinin formalaşmasında rol oynamışdır.
Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.
“Xəmsə”yə “Sirlər xəzinəsi, Xosrov və Şirin, Leyli və Məcnun, Yeddi gözəl, İsgəndərnamə daxildir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Cənab Vasif Talıbov “Oxunması zəruri olan kitablar” siyahısına Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” əsərini daxil etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”na Nizami Gəncəvinin də əsərlərinin salınması bir daha onu göstərir ki, Azərbaycanın zaman-zaman dünyanın söz sənəti xəzinəsini nadir incilərlə zənginləşdirən böyük sənətkarları sırasında Nizami Gəncəvi yaradıcılığı möhtəşəmliyi, müdrikliyi və həyatiliyi ilə seçilir. Elə bu səbəbdəndir ki, yazdıqları əsrlər keçməsinə baxmayaraq, öz bədii dəyərini bu gün də qoruyub.
Sərəncam çərçivəsində Naxçıvan Muxtar Respublikasında da bir çox tədbirlər keçirilməkdədir. Gənc nəsilə Nizami irsinin təbliğ edilməsi məqsədilə “Nizami Xəmsə” si layihəsini Naxçıvan Gənclər Fondu həyata keçirmişdir. Bununla yanaşı Naxçıvan Dövlət Universiteti “Söz sənətinin dahisi- Nizami”, Naxçıvan Gənclər və İdman Nazirliyidə “Nizami ili” , Naxçıvan MR Mədəniyyət Nazirliyi də tədbirlər keçirmişdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunmuş “Mütaliə aylığı” çərçivəsində 22 aprel 2021-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Naxçıvan Universitetində “ Nizamiyə açıqdır fələklərin dərgahl” adlı elmi- bədii konfrans keçirilib. Naxçıvan Müəllimlər İnstitutunda “Nizami dühası və müasirlik” mövzusunda elmi konfrans keçirilmişdir.
Quliyeva Sahilə
Naxçıvan Dövlət Universitetinin müəllimi