Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 27 may 2021-ci il tarixdə 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilib.
Nümayəndəlikdən “QİA.az”a verilən məlumata görə, Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş vətən övladlarının, ümummilli liderimiz Heydər Əliyevin, həmçinin bütün müsəlman aləmində və türk dünyasında ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək onlara öz hörmət və ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa vaxt ərzində həyata keçirdiyi islahatlar, ölkənin demokratikləşməsi və insan hüquqları sahəsində atılan addımlardan, dövlətçiliyimizin möhkəmləndirilməsindən, müstəqil ölkəmizin uğurlarından həmçinin demokratik cümhuriyyətin süqutu səbəblərində danışmışdır.
“Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən böyük Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır.”-deyə qeyd edən daimi nümayəndəliyin rəhbəri nəzərə çatdırmışdır ki, Şərqdə ilk demoktatik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, müstəqillik tariximizdə böyük siyasi-iqtisadi, mədəni hadisələrin əsasını qoymuşdur. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti- Bakı Dövlət Universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Ölkə Prezidenti Cənab İlham Əliyevin dediyi kimi “Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.”
Həmçinin Bəxtiyar Əsgərov 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Nəriman Nərimanovun, Məhəmməd Ağa Şahtaxtinskinin, Xosrov bəy Soltanovun, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Xəlil bəy Xasməmmədovun, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri haqqında danışıb. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adlarının xalqımızın yaddaşına əbədi həkk olunduğunu vurğulayıb.
Bəxtiyar Əsgərov Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra – Sovet İttifaqı dövründə Azərbaycan dilinə dövlət dili statusunun verilməsində, Azərbaycanın fərqli mədəniyyətlərin dialoq məkanına çevrilməsində, elmi və kadr potensialının yüksəldilməsində, milli zabit kadırlarının hazırlanmasında, milli ruhun, milli özünüdərkin yüksəlişində, müstəqil dövlətçilik ideyalarının həyata keçirilməsində ulu öndər Heydər Əliyevin müstəsna rolu barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki; “Xalq Cümhuriyyətinin ənənələrinə sadiqlik nümayiş etdirən ümummilli lider Heydər Əliyev hələ sovet dövründə – 1990-cı ildə ilk dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Xalq Cümhuriyyətinin üçrəngli bayrağını muxtar respublikanın dövlət bayrağı kimi qəbul etdi və bu, əbədi müstəqilliyə gedən yolun başlanğıcı oldu. Xalqın çağırışı ilə 1993-cü ildə respublikaya rəhbərliyə qayıdan ulu öndər Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etdi, Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi. Böyük Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərinə, onun ənənələrin yaşadılmasına daim yüksək önəm vermiş, Cümhuriyyətin fəaliyyəti barədə respublikada çoxsaylı elmi konfranslar təşkil olunmuş, arxiv materialları öyrənilərək Cümhuriyyət tarixinə dair dəyərli əsərlər,sanballı tarix kitabları nəşr edilmiş, əhali arasında onun müstəqil, demokratik dövlət quruculuğu ilə bağlı gördüyü işlər geniş təbliğ olunmuş, Bakının mərkəzində Cümhuriyyətə abidə ucadılmış, onun görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi əbədiləşdirilmişdir. Ulu öndərin təşəbbüsü ilə həmçinin Cümhuriyyətin 80 illiyi münasibətilə Milli Məclis tərəfindən amnistiya elan edilmişdir. Ümummilli lider Heydər Əliyev 1998-ci ildə Cümhuriyyətin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqində deyirdi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi… Xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Biz bu gün iftixar hissi ilə deyə bilərik ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti yaşamış, fəaliyyət göstərmiş və iki il müddətində çox böyük işlər görmüş, Azərbaycanın müstəqil gələcəyinin əsasını qoymuşdur”. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncamları da xüsusi olaraq qeyd edilməlidir. Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə bağlı dövlətimizin başçısının imzaladığı Sərəncam milli dövlətçilik tariximizə diqqət və qayğısının bariz göstəricisidir. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd olunmuş, ölkə Prezidentinin müvafiq sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilmiş, dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə bir sıra şəxslər, o cümlədən təmsil etdiyimiz Naxçıvan Muxtar Respublikasından olan, bir çox şəxslər bu medalla təltif olunmuşdur.”
Ulu öndərimizin “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” sözlərini xatırladan Bəxtiyar Əsgərov bildirmişdir ki; “Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan öz müstəqilliyini dünyaya sübut etmiş, istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaratmışdır. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası inkişaf yolunda əmin addımlarla irəliləyir. Hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib”. Bu gün Xalq Cumhuriyyətinin yeni,müstəqil Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur.”
Bəxtiyar Əsgərov diqqətə çatdırıb ki, Bu gün Azərbaycan iqtisadi, siyasi, hərbi gücünə görə artıq regionda lider mövqe tutmuş, müstəqilliyimizin verdiyi bəhrələr sayəsində ölkəmiz dünyada söz sahibi olan qüdrətli respublika kimi nüfuz qazanmışdır. Keçən ilin sentyabr ayının 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilmişdir. Prezident İlham Əliyevin bu gün də davam edən,ötən 17 illik Prezidentliyi dövründə həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən müharibədə qalib tərəfə çevrildi. Ərazi bütövlüyümüz, suverenliyimiz birmənalı olaraq bərpa edildi. Ötən bu ağır müddət ərzində isə millətimiz daim vətən həsrəti, sevgisini ürəyində daşıdı, ulu öndərə, ondan sonra isə cənab İlham Əliyevə arxalandı və sonda qələbə qazandı. Liderimiz daim çıxışlarında “Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır” deyirdi. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!.””
Sonda daimi nümayəndliyin rəhbəri Bəxtiyar Əsgərov dedi ki; “Ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası indi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır. Demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir, eləcə də respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi xəttin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində qazanılan uğurlar, ölkəmizin inkişaf etməkdə olan ölkələr sırasında inamla irəliləməsi bir daha sübut edir ki,böyük Heydər Əliyevin dediyi kimi- Azərbaycanın müstəqilliyi əbədi, daimi və dönməzdir!”
Tədbir digər çıxışlarla davam etdirilib.