Naxçıvan nümayəndəliyində 31 Mart soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Mar30,2021
31 Mart

Martın 30-da Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib. Anım tədbiri soyqırımı qurbanlarının və Vətənimiz uğrunda canından keçmiş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Bu barədə “QİA.az”a daimi nümayəndəlikdən məlumat verilib.

Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov soyqırımın tarixindən, XX əsrin əvvəllərində erməni millətçilərinin  Bakıda və Azərbaycanın digər bölgələrində dinc əhaliyə amansız divan tutmasından, tarixdə görünməmiş vəhşiliklər, talanlar törətməsindən danışaraq qeyd edib ki, “XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Belə ki, 1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törədib, əhali amansızlıqla qətlə yetirilib, şəhər və kəndlər yandırılıb və dağıdılıb.Bütün bunlar tarixi həqiqətlər, faktlardır.”

Natiq qeyd etdi: “Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər bu dəfə öz mənfur niyyətlərini bolşevik bayrağı altında reallaşdırmağa başladılar. 1917-ci ilin dekabrında Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edilən erməni cəlladı S.Şaumyan azərbaycanlıların kütləvi qırğınının birbaşa təşkilatçısı və rəhbərinə çevrildi. 1918-ci ilin əvvəllərində, yəni mart qırğını ərəfəsində bilavasitə S.Şaumyana tabe olan erməni silahlı qüvvələrinin sayı 20 minə yaxın idi. Həmin ilin martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular. Bunun ardınca isə silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törətdilər. Martın 31-də və aprelin ilk günlərində minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə qəsdən amansızlıqla öldürüldü. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdi. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılıb, eləcə də xüsusi işgəncələrlə və müxtəlif formalarda amansızlıqla öldürülüb. Bolşevik-daşnak qüvvələri tərəfindən o dövrün gözəl memarlıq abidəsi olan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası, Şərqin ilk teatrı olan “Tağıyev teatrı”, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırılıb və “Təzə pir” məscidi vəhşicəsinə dağıdılıb. Bununla da, sadəcə, insanlar soyqırımına məruz qalmadı, Türk və İslam mədəniyyətinin mərkəzləri, tarixi və dini abidələrimiz də erməni vandalizmi ilə yox edildi. Ermənilərin silahlı hücumları nəticəsində Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda, bir daha qeyd edim ki, on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələrimiz dağıdılıb, tarixi-mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.”

“Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilib. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi yad edilib. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə müstəqil Azərbaycan dövləti səviyyəsində hüquqi-siyasi qiymət vermək cəhdi olub. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra həmin proses dayandırılıb, baş verənlərin sona qədər tədqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı bilərəkdən alınıb.”-deyən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov onu xüsusilə qeyd etdi ki; “  Yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat hüquqi-siyasi qiymət verilib və hər ilin 31 mart günü “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Bu Fərman Azərbaycanın bugünki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından bir növ proqram sənədidir desək, yanılmarıq. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə martın 31- nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması təsbitlənmişdir. Fərmanda deyilirdi: “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”.” Azərbaycanlıların soyqırımı haqqında” bu Fərman bütün dünya azərbaycanlılarını düşmənə, terrora, genosidə, mütəşəkkil erməniliyə, mənfur erməni siyasətinə qarşı mübarizədə sayıq və prinsipial olmağa, qətiyyət, birlik, yekdillik və fəallıq nümayiş etdirməyə səfərbər edən tarixi bir sənəd, tarixi reallıqdır. Ümummilli lider Heydər Əliyev 31 mart – “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar çıxışlarının birində deyirdi: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”. Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində məhz milli tədqiqatçılarımız tərəfindən aparılmış araşdırmalar sayəsində bu sahədə bir çox yeni tarixi faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar isə 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə vəhşi erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.”

Bəxtiyar Əsgərov deyib ki; “Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, müstəqil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də qətiyyətlə davam etdirilir. Dövlət başçısının soyqırımı ilə bağlı xalqa müraciətində vurğulandığı kimi: “Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini, işğal və soyqırımı siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik. Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində biz qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, onilliklər boyu planlı olaraq əsl soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifrət və düşmənçilik təbliğ edənlərin ifşasına nail olacağıq”. Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə hədəfə alınması və onlara qarşı insanlıq əleyhinə cinayətlərin törədilməsi təkcə keçmişdə deyil, ötən il 44 günlük Vətən müharibəsində də Ermənistan tərəfindən davam etdirilmişdir.Döyüş əməliyyatlarının getdiyi cəbhə bölgəsindən xeyli aralıda yerləşən, Gəncə, Bərdə, Tərtər kimi şəhərlərimizin mülki əhalisinin və mülki infrastrukturunun məqsədli şəkildə erməni silahlı dəstələri tərəfindən hədəfə alınması Ermənistanın həmişə olduğu kimi yenə də iyrənc terror taktikasına əl atması və müasir növ ağır silahlar və ballestik raket qurğularından istifadə edərək yenə də çoxsaylı dinc azərbaycanlının qətlə yetirilməsinə səbəb oldu. Bu isə bir daha Ermənistanın azərbaycanlılara qarşı apardığı  məqsədyönlü zorakılıq, soyqırım siyasətini açıq-aşkar bütün dünyaya nümayiş etdirmiş oldu.”

Daimi nümayəndəliyin rəhbəri Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirlərinin keçirildiyini və tariximizə, taleyimizə heç vaxt biganə qalmayan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bu məsələləri həmişə yüksək diqqətdə saxladığını xüsusi qeyd edib. Məhz Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Naxçıvan şəhərində Xatirə Muzeyi və Bayraq Meydanında Xatirə Kompleksi yaradılıb, muxtar respublikanın rayonlarında, o cümlədən soyqırıma birbaşa məruz qalmış Şərur, Babək və Culfa rayonlarının kəndlərində belə 31 mart – Azərbaycanlıların Soyqırımı abidələri ucaldılıb, tarix-diyarşünaslıq muzeylərində azərbaycanlıların soyqırımlarına həsr olunmuş guşələr təşkil edilib. Muxtar respublikanın bütün ərazisində soyqırımı qurbanlarının yad edilməsi, bununla bağlı şəhər və rayonlarda yüksək səviyyəli anım tədbirlərinin qeyd edilməsi, muxtar respublika sakinlərinin bu qanlı hadisələri yada salması və tarixən erməni qəsbkarları tərəfindən xalqımıza qarşı aparılan mənfur siyasətin xatırlanması və öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Bəxtiyar Əsgərov vurğuladı ki; “Bu gün qalib müstəqil Azərbaycan dövlətinin gündən-günə inkişaf edib möhkəmlənməsi və hərbi qüdrətini daha artırması 31 Mart soyqırımı kimi faciələrin bir daha baş verməməsi üçün ən etibarlı təminatdır. Ötən ilki 2-ci Qarabağ müharibəsində-44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarını azad edən,ərazi bütövlüyünü, suverenliyini bərpa edən  Azərbaycan xalqı nəhayət ki, böyük Heydər Əliyev yolu ilə gedərək, məhz ümummilli liderin davamçısının rəhbərliyi ilə milli maraqlarını təmin etdi. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev isə yaratdığı, qurduğu, həm də rəhbərlik etdiyi Milli Ordumuzun bu tarixi və şanlı qələbəsi  ilə Azərbaycan tarixinin şərəfli səhifəsinin, yeni qəhrəmanlıq salnaməsinin müəllifi olmuş oldu. Bu Qələbə həm də bütün şəhidlərimizin ruhlarına təsəlli verdi. Soyqırımı qurbanlarının da, müstəqillik uğrunda canlarından keçən vətən övladlarının-bütün şəhidlərimizin də qanı yerdə qalmadı, onların qisası məhz döyüş meydanlarında alındı. Azərbaycan xalqı və dövləti 31 Mart soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bu gün bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.”

Tədbir digər çıxışlar və bədii kompozisiya ilə davam etdirilib.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər