Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 05 mart 2021-ci il tarixində 8 mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub.
Bu barədə “QİA.az”a Naxçıvan Nümayəndəliyindən məlumat verilib.
Əvvəlcə, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov xanımları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib, onlara xoşbəxtlik, möhkəm can sağlığı və işlərində müvəffəqiyyətlər diləyib. Bəxtiyar Əsgərov qeyd edib ki, bu gün bir gül, yaxud bir sözlə təbrik etdiyimiz insanlar həyatımızın ağır, məsuliyyətli yükünü çiyinlərində çəkən müqəddəs analarımız, vətənimiz qədər sevdiyimiz ləyaqətli Azərbaycan xanımlarıdır. Xoş rəftarı, səmimi, qarşılıqsız sevgisi, gülər üzü, sevgi dolu sözləri, yüksək insani keyfiyyətləri, dəyərləri özündə ehtiva edən gözəl, anlayışlı, qürurlu, qeyrətli analarımıza, bacılarımıza, qızlarımıza hər bayram günü verəcəyimiz hədiyyə onlara ürəyimizdə bəslədiyimiz hörmət və ehtiramdan qiymətli ola bilməz. Cəmiyyətin, sivil mədəniyyətin inkişafı məhz qadınlara verilən qiymətlə, onlara münasibətin forma və dərəcəsi ilə ölçülməklə bərabər, həm də qadınların cəmiyyətdə tutduqları mövqe ilə bağlıdır. 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında alman sosialist qadını Klara Setkinin təklifi ilə qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il 8 Mart Dünya Qadınlar Günü kimi qəbul edilmişdir. 1975-ci il Beynəlxalq Qadınlar ili olaraq qeyd edilmiş, 1977-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında isə 8 Mart Qadın hüquqları və Beynəlxalq Sülh Günü olaraq qəbul edilmişdir. Azərbaycanda qadına münasibət milli-mənəvi dəyərlərimizin əsasıdır. Azərbaycan qadını öz ağlı və mərdliyi, saflığı və sədaqəti ilə tarixən milli- mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır və bu gün də belədir.
Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə dövlət qadın siyasəti daha da möhkəmlənmişdir. 1995-ci ildə qəbul edilmiş müstəqil respublikamızın ilk Konstitusiyasında qadınların kişilərlə bərabər hüququnu təsdiq edən maddə və bəndlərin təsbiti xalqımızın ümummilli lideri, milli Konstitusiyamızın müəllifi olan Heydər Əliyevin qadın hüquqlarına böyük diqqət və qayğısını təzahür göstərir. Məhz ümummilli liderimiz Heydər Əliyev qadın əməyinə, qadın fəaliyyətinə, onların cəmiyyətdə, ictimai və dövlət işlərində önə çəkilməsinə daim çox böyük qayğı ilə yanaşmış, respublika qadınlarının ilk milli Qurultayının keçirilməsinə birbaşa rəhbərlik etmişdir. Tariximizdə çox mühüm hadisə olan bu mötəbər tədbirdə ulu öndər Heydər Əliyev demişdir: “Mən sizə və sizin şəxsinizdə bütün Azərbaycan qadınlarına təşəkkür edirəm. Qəhrəmanlığınıza görə, dözümlülüyünüzə görə, ölkəmizə, millətimizə, dövlətimizə sədaqətinizə görə və xüsusən Azərbaycanın son illərdəki ağır anlarında, dövrlərində dövlətçiliyimizə, bir prezident kimi şəxsən mənə dayaq olduğunuza görə Sizə təşəkkür edirəm, çox sağ olun, Sizə xoşbəxtlik, can sağlığı arzulayıram!” Bu, Azərbaycan qadınlarının zəhmətinə verilən ən yüksək qiymət idi. Məhz ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı, birbaşa göstərişi ilə Azərbaycan həm də BMT-nin “Qadınlara qarşı hər cür ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasına qoşulmuşdur. Ümummilli liderimiz Heydər Əliyev 2000-ci il 6 mart tarixli “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı ölkəmizdə qadın siyasətinin gerçəkləşməsinə xidmət etmiş, həmin sənəd 2001-ci ildə bütün dünya dövlətləri tərəfindən ən yaxşı sənəd kimi qəbul olunmuşdur..
Bəxtiyar Əsgərov vurğulamışdır ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət qadın siyasətinin möhkəm təminatçısıdır. Respublika qadınlarının ikinci qurultayının keçirilməsi, Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, Milli Fəaliyyət Planında bu ilədək “Qaçqın və məcburi köçkün” kimi təsbit olunmuş qadınlar, “Qadın və məşğulluq” və digər mühüm məsələlərin həlli, 2006-cı ildə parlamentdə “Gender bərabərliyi haqqında”, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul edilməsi ölkəmizdə dövlət qadın siyasətinin möhkəmləndirilməsi üçün mühüm addımlardır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev qadınlarımıza yüksək qiymət verərək demişdir: “Milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır. Tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər. XX yüzilliyin ilk onilliklərində, bəzi qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçki hüququ qazanaraq ictimai və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmələri onların gələcək uğurlarının da rəhni olmuşdur. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır”.Bəxtiyar Əsgərov bildirmişdir ki; “Adi günlərdə özünü həyat yoldaşına, uşaqlarına və ev işlərinə sərf edən Azərbaycan qadını taleyüklü bütün məsələlərin həllində və müharibələrdə tam fərqli və xarizmatik obraz nümayiş etdirib. Bu, Azərbaycan qadınının qəhrəman və igidlik obrazıdır. Ötən il 44 günlük Vətən müharibəsində şücaət, igidlik göstərən, səbr nümayiş etdirən xanımlar- əsgər və zabitlərimizin anası da, bacısı da, həyat yoldaşı da məhz Azərbaycan qadınıdır. Analarının onlara verdiyi sevgi hərbçilərdə Vətən sevgisini yaradan birinci və ən əhəmiyyətli amildir. Əzəli torpağımız olan Qarabağda qısa müddət davam edən döyüşlərdə Azərbaycan qadını hər an əsgərlərimizin yanında oldu, gecə-gündüz onlar üçün dualar etdi, onlarla birlikdə xidmət etdi. Yaralı əsgərlərimizə tibbi yardım göstərən həkim qadınlarımız isə hər bir əsgərimizə, zabitimizə öz övladı, qardaşı kimi baxdı, onu əzizləyib qayğısına qaldı, başına sığal çəkdi. Bəzi qadınlarımız cəbhəyə öz əlləri ilə hazırladığı yeməkləri, ədviyyatları, evində olan isti paltarları göndərdi. Hətta cəbhədə heç bir qohumu olmayan qadınlar belə bu cür addımlar atırdılar. Ön cəbhədə olan hər bir əsgər və zabiti Azərbaycan Qadını özünün əzizi, doğması saydı. Azərbaycan qadınının siması olan ölkənin birinci xanımı Mehriban Əliyevanın müharibənin ilk günlərində Silahlı Qüvvələrin Baş Hərbi Hospitalında yaralı qazilərimizi görüşü, onları ziyarət edərkən kövrəlməsi və gözlərindən axan yaş bütün dünyaya və insanlığa bir sevgi mesajı idi. Əslində, Mehriban xanımın gözlərindən axan yaş bütün Azərbaycan Qadınlarının, mərhəmətli analarımızın göz yaşları idi.Əsl diplomat və cəsarət sahibi olan Azərbaycan qadınının öz əsgərinə olan sevgisi, ehtiramı bütün ülvi hisslərdən öndə idi. Cəsurluğu ilə nümunə olan, hətta əlinə silah alıb aktiv döyüşlərə qatılmaq istəyən Azərbaycan qadınının bəziləri Vətən müharibəsində həyat yoldaşını, övladını, qardaşını və ya atasını itirdi. Bu məsələdə də, qadınlarımız dünyanı heyran buraxacaq hərəkətlər etdilər. Məsələn,təmsil etdiyimiz Naxçıvan Muxtar Respublikasından olan Şəhidlərimizin, onların nəşinin ana və bacıları, həyat yoldaşları tərəfindən necə yüksək şərəf və ləyaqətlə qarşılandıqlarının bibaşa şahidləri olduq. Siz hamınız bunun şahidlərisiniz. Təklikdə və gizlində içində ağladı Azərbaycan Qadını. Bəzən əzizinin tabutunu yerdən qaldırıb başı üzərində məzaradək apardı. Həmin anda onun dilində yalnız bir söz vardı: “Təki Vətən sağ olsun”. Dünyada yalnız Türk və Azərbaycan qadınının dediyi bu söz vətən üçün qadınlarımızın canından çox sevdiyi doğmalarını belə qurban verməyə hər an hazır olduğunu bir daha göstərdi.” Daimi nümayəndəliyin rəhbəri qeyd etmişdir ki; “ Naxçıvan Muxtar Respublikasında qadınların cəmiyyətin ictimai-siyasi həyatında rolu getdikcə artır, genişlənir. Bu, bir tərəfdən Naxçıvanda qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən isə muxtar respublikada həyata keçirilən, icra edilən dövlət-qadın siyasəti ilə birbaşa bağlıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Azərbaycanda qadın adının həmişə uca tutulduğunu, qadına böyük ehtiram göstərildiyini bildirərək demişdir: “Gələcəyini düşünən hər bir ölkə qadına yüksək dəyər verir. Bu gün Azərbaycan qadınları da cəmiyyətin hər bir sahələrində uğurla çalışır. Təhsili, dünyagörüşü və mədəni səviyyəsi ilə seçilir. Eləcə də ölkəmizi beynəlxalq aləmdə təmsil edir. Eyni zamanda bu gün qadınlarımız ailənin aparıcı qüvvəsidir. Çünki ölkəmizin gələcəyi vətənpərvər və təhsilli gənclərdən asılıdır. Vətənpərvər, təhsilli və dünyagörüşlü gənclərin yetişməsində isə anaların böyük əməyi vardır”. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması muxtar respublikada qadınlara verilən hərtərəfli dəstəyin, onların hüquqlarının yüksək səviyyədə müdafiə edilməsinin göstəricisidir. Muxtar respublikada qadınların fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar hər il Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, mükafatlara layiq görülür, medal və nişanlarla təltif edilirlər. Belə ki, son illərdə muxtar respublika qadınlarının 166-sı Azərbaycan Respublikasının, 172-si isə Naxçıvan Muxtar Respublikasının fəxri adına və mükafatına layiq görülmüş, 148 qadın müxtəlif orden, medal və nişanlarla təltif olunmuşdur. Muxtar respublika qadınlarının bütün uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı dayanır. Muxtar respublikada qadınların həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi xalqımızın uğurlu, xoşbəxt sabahına, firavanlığına ən ciddi təminatlardan biridir. Sonda Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində çalışan xanım əməkdaşlara hədiyyələr təqdim edilmişdir.
QİA.az