Naxçıvan Nümayəndəliyində Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib

İyn 14, 2021

Bu gün Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi nümayəndəliyində 15 iyun-Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.

Bu barədə “QİA.az”a Nümayəndəlikdən məlumat verilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, dahi liderə və bütün şəhidlərimizə öz hörmət və ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov xalqımızın əziz bayramı – Milli Qurtuluş Günü münasibətilə daimi nümayəndəliyin kollektivini təbrik etdi, Azərbaycanın müstəqil dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın taleyində müstəsna rol oynayan bu əlamətdar günün yaranmasından və tarixi əhəmiyyətindən bəhs edib. O qeyd edib ki; “Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyət daşıyan Milli Qurtuluş Günü elə gündür ki, ölkəmizin gələcək həyatını, müqəddəratını müəyyən edib, deyərdim ki, yeni, müstəqil dövlətçiliyimizin bünövrəsi, əsası məhz bu gün qoyulub. Şanlı müstəqillik tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü hər bir azərbaycanlının qürür, iftixar mənbəyidir. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür, xalqımız üçün əsl xilas, qurtuluş tarixidir. Bu gün Azərbaycan xalqı üçün, bizim hamımız üçün müqəddəsdir ona görə ki, ötən əsrin 90-cı illərində başımızın üstünü almış təhlükənin sovuşmasına, milli dövlətçiliyimizin xilasına və bu gün qüdrətli, müstəqil Azərbaycan dövlətinin var olmasına, doğma Qarabağda 30 illik düşmən işğalına son verilməsinə, xalqımızın sosial-rifah halının yüksəlməsinə, sabitlik, əmin-amanlıq şəraitində yaşamağımıza, bir sözlə, hər şeyə görə məhz bu günə borcluyuq. Bu milli tariximizi yazan isə yeni, müstəqil Azərbaycanın üçrəngli bayrağını ilk dəfə Naxçıvanda ucaldan, dövlətimizin qorunub saxlanmasında, onun möhkəmlənməsində və inkişafında müstəsna rol oynayan dünya şöhrətli insan, böyük dövlət və siyasət xadimi, dahi şəxsiyyət, həmişə Yaradanına, zəhmətinə və doğma xalqına arxalanan böyük lider Heydər Əliyev idi.”
Keçən əsrin sonlarına doğru Azərbaycanda gedən siyasi proseslərə diqqət çəkən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov deyib ki; “XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan xalqı qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. 1992-ci il may ayının 14-də hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz və bütövlükdə ölkəmizin taleyi üçün çox ciddi təhdidlər yaranmışdı. Bütün hakimiyyət pillələrinə sirayət edən özbaşnalıq, xaos, hərc-mərclik, vəzifə sahiblərinin “mənəm-mənəm”liyi, şəxsi ambisiyaları o dövrü xarakterizə edən əsas cəhətlərdən idi. Azərbaycanda hakimiyyət böhranı getdikcə dərinləşdi və 1993-cü ilin iyununda son həddinə çatdı, xaos və anarxiya respublikanı tamamilə bürüdü. Vətəndaş müharibəsi təhlükəsi yüksəldi, qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə təhdid etməyə başladı, xalqımızın milli mənafeləri birbaşa hədəfə alındı. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi yaddaşlara həkk olundu. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə kiçik liderlik xüsusiyyətlərinə belə malik olmayan, siyasi hadisələrə düzgün qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa imkanı yox, xalq arasında heç bir hörmətə, nüfuza malik olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Bəxtiyar Əsgərov qeyd edib ki; “Həmin dövrdə Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşamasına baxmayaraq, həmişə naxçıvanlılarla bir yerdə olan ulu öndərin siyasi qüdrəti və böyük zəkası sayəsində özünü layiqincə qoruya bildi. Eyni zamanda, o zamankı AXC-Müsavat cütlüyü hakimiyyətinin böyük siyasi xadim Heydər Əliyevi muxtar respublika rəhbərliyindən qanunsuz yollarla devirmək cəhdlərinin də qarşısını sadə insanlar tərəfindən qətiyyətlə alındı və bu zaman təkcə ölkə vətəndaşları deyil, bütün dünya ulu öndərə olan xalq sevgisinin, ülvi məhəbbətinin bir daha əyani şahidi oldu. Təbii ki, o zaman da sağlam düşüncəli insanlar, ziyalılar, elm adamları və s. AXC-Müsavat hakimiyyətinin Azərbaycanı hər gün daha uçuruma apardığını görürdülər, hiss edirdilər. Ona görə də, onlar və təkcə onlar deyil, bütün xalqımız haqlı olaraq hesab edirdi ki, bu vəziyyətdən dövlətimizi, xalqımızı yalnız böyük Heydər Əliyev kimi dahi lider, dünya miqyaslı siyasi xadim xilas edə bilər. Bunun üçün isə ulu öndərin Azərbaycan Respublikasında yenidən siyasi hakmiyyətə gəlməsi zəruri və mütləq idi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı səbatsız iqtidar isə xalq arasında günbəgün öz olmayan nüfuzunu da itirir, baş vermiş sosial – ictimai – siyasi proseslərdən düzgün nəticə çıxara bilmirdi. Elə həmin vaxt AXC-Müsavat iqtidarının fərsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. Gəncədə o vaxt ardı-arası kəsilməyən mitinqlər keçirilir, hadisələrə düzgün siyasi qiymət verilməsi tələb edilirdi. Belə bir vəziyətdə xalq, kütlə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsini təkidlə tələb edirdi. Nəhayət, ünvanına yazılan və edilən bütün müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu, dünyaca siyasət nəhəngi böyük Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu Qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, taqətini itirmiş ölkəmizin xilas olunacağına inam hissini artırdı.”
Daimi nümayəndəliyin rəhbəri vurğuladı ki; “Ulu öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı, Bakıya dönərək Azərbaycan Parlamentinin Sədri seçildiyi gün – 15 iyun 1993-cü il tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə, qeyd etdiyim kimi, qızıl hərflərlə yazıldı. Çünki xalqımız bu tarixi yazmasaydı, nə Azərbaycan, nə də onun müstəqil dövləti olmayacaqdı. Ümummilli liderin ikinci dəfə siyasi hakimiyyətə Qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı. Bu böyük şəxsiyyətin yolu ilə gedərək əldə edilmiş nailiyyətləri, möhtəşəm Qələbəni, ölkəmizin ərazi bütövlüyünü, suverenliyimizi, iqtisadi yüksəlişimizi bizə bəxş etdi.. Beləliklə, respublikamız müstəqilliyi itirmək təhlükəsindən qurtuldu və Azərbaycanın sabitlik və inkişafla səciyyələnən Qurtuluş tarixi başladı. Ümummilli liderin 1969-cu ildə ölkəmizdə birinci dəfə siyasi hakimiyyətə gəlməsi tarixdə Azərbaycanın dirçəliş və çiçəklənmə dövrü kimi səciyyələnirsə, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə Qayıdışı Milli Qurtuluş tariximizin yazılması ilə əlamətdardır. Böyük Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, baş qaldırmış separatçı qüvvələri zərərsizləşdirdi, 1994, 1995-ci illərdə nəzərdə tutulmuş dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit, rahat, thlükəsiz həyat tərzi yaşamağa başladı. Əlbəttə ki, bu fəaliyyətin kökündə ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Böyük liderin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki vətənimizdə yaşayan azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, həmçinin, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi, onları səfərbər etdi.”
Natiq dedi ki; “Xalqın yüksək etimadını qazanmış ulu öndər Heydər Əliyev ilk dəfə 1993-cü il oktyabrın 3-də, ikinci dəfə isə 1998-ci il oktyabrın 11-də ölkə əhalisinin böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu öndər qısa müddətdə siyasi sabitliyi bərqərar etdi, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, Ermənistanla müharibədə, təmas xəttində atəşkəsi təmin etdi. Azərbaycan beynəlxalq əlaqələrini inkişaf etdirməyə başladı. Ümummilli lider iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın Xəzər dənizində malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib sayırdı. 1994-cü il sentyabr ayının 20-də dünyanın səkkiz aparıcı ölkələsinin 13 transmilli neft şirkətləri ilə “Əsrin müqaviləsi” adını almış möhtəşəm layihə, müqavilə imzalandı. Böyük Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Bununla da Heydər Əliyev Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm təməlini yaratdı. Ümummilli liderimizin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunması müstəqillik tariximizdə müstəsna hadisə idi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişafının hüquqi əsaslarını müəyyən etməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Ümumilikdə, Azərbaycan dünya iqtisadi sistemində öz layiqli yerini tutdu, beynəlxalq təşkilatlarda uğurla təmsil olundu,dünyada etibarlı tərəfdaş kimi tanındı, ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirdi. Böyük Qayıdışın möhtəşəm nəticələri təkcə Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi, ölkəmizin parçalanmasının qarşısının alınması, vətəndaş müharibəsinin dayandırılması ilə ifadə olunmur. Bu gün Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə, inkişaf nümunəsinə çevrilmişdir. Beynəlxalq təşkilatlar regiondakı bütün iqtisadi-siyasi layihələrdə rəsmi Bakının mövqeyini mütləq nəzərə alırlar. Ölkəmiz sosial-iqtisadi inkişaf tempinə görə dünya dövlətləri arasında liderlər sırasındadır.”
Böyük Heydər Əliyev həmişə Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrilməsi, ölkəmizin maddi, mənəvi və intellektual dəyərlərinin dünya ictimaiyyətinə çatdırılması, milli təhlükəsizlik və inkişafın bütün əsas aspektləri nəzərə alınmaqla, həm regionda, həm də dünyada Azərbaycan dövlətinin maraqlarının təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirib.”-deyən Bəxtiyar Əsgərov əlavə etdi ki; “Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərinə görə ümummilli lider səviyyəsinə yüksəlmiş böyük Heydər Əliyevin ikinci dəfə hakimiyyətdə olduğu 1993-2003-cü illər Azərbaycanın bir dövlət kimi qurulduğu, formalaşdığı və beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrildiyi tarixi mərhələdir. Məhz bu 10 ildə Azərbaycan Respublikasının milli inkişaf strategiyası reallaşdırılıb, xalqımız nadir tarixi fürsətdən maksimum faydalanıb, böyük əziyyətlər bahasına müstəqilliyini əbədi və dönməz edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək: “Müasir tariximiz 1993-cü ildən başlayır. O ildən Azərbaycan böyük və uğurlu yol keçmişdir, dövlətçiliyin əsasları qoyulmuşdur. Ulu öndərin xalq qarşısında göstərdiyi xidmətlər misilsizdir. Azərbaycan xalqı Heydər Əliyev siyasətini qəlbində yaşadır və yaşadacaqdır”.
Müstəqil Azərbaycan Respublikasının Heydər Əliyevin rəhbərliyi ilə qısa zaman kəsiyində qazandığı tarixi nailiyyətlər bu gün müstəqil Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla gələcəyə doğru aparır, yüksəldir və daha da qüdrətləndirir. Azərbaycanın yüksəlişini, beynəlxalq arenada qazandığı nüfuzu qiymətləndirərkən ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır. Bütün bunlar həm də onu göstərir ki, ölkəmizin strateji inkişaf kursunu yeni dövrün tələblərinə uyğun şəkildə, yüksək dinamizmlə həyata keçirən Prezident İlham Əliyev fəaliyyətini və verdiyi vədləri əməli işi ilə doğrultmaqla ulu öndər Heydər Əliyevin ən layiqli varisi, siyasi davamçısı olduğunu sübuta yetirib. Həmişə seçkilərdə xalqın böyük inam və yüksək etimadını qazanaraq güclü siyasi iradə, əzm və cəsarət nümayiş etdirən Prezident İlham Əliyev Azərbaycanı ulu öndər Heydər Əliyev siyasi kursuna sadiq olaraq daha yeni, dövrün və qloballaşmanın tələblərinə uyğun, müasir inkişaf yoluna çıxardı. Müsbət iqtisadi göstəriciləri ilə yanaşı bu gün respublikamız həm də siyasi baxımdan daha sabit ölkə, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin əsas iştirakçısı kimi tanınır. Bakı-Tbilisi-Ceyhan neft kəmərindən başlamış Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, “Cənub qaz dəhlizi”nin istifadəyə verilməsinə qədər, Azərbaycanın beynəlxalq nüfuzunun artmasından tutmuş, doğma Qarabağımızda möhtəşəm Qələbəmizin təmin edilməsinə qədər bütün möhtəşəm uğurlarımızın təminatçısı məhz Prezident İlham Əliyevdir. Bu gün Azərbaycan çox sürətlə inkişaf edir və təsadüfi deyil ki, ölkəmiz XXI əsrin ən uğurlu gənc dövləti statusunu qazanmışdır. Lakin həyata keçirilən bütün bu misilsiz, tarixi işlərlə yanaşı, Prezident İlham Əliyevin qarşısında uzun illərdir ki, müqəddəs bir vəzifə – atasının vəsiyyətinin həyata keçirilməsi işi- Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsi dururdu. Prezident İlham Əliyev, özünün də qeyd etdiyi kimi, rəhbərliyi ilə həyata keçirilən bütün işlərin, siyasətin, atılan hər addımın son qayəsi məhz Qarabağ idi. Müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən başlayaraq, 30 ildən artıq düşmən tapdağında inləyən doğma torpaqların azad edilməsi, bala Qarabağın anası Azərbaycana qovuşması istiqamətində addım-addım, inamla və qətiyyətlə irəliləyirdi. Bütün çıxışlarında “Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqlar mövzusu olmayıb və olmayacaq” – deyən Prezident İlham Əliyev işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin ritorikanı dəyişdiyi anındaca “Qarabağ Azərbaycandır və nida işarəsi” səsləndirərək, son zərbənin endiriləcəyi anonsunu verdi. Ali Baş Komandan dünyada maraqla izlənilən bu bəyanatı ilə Azərbaycanın ərazi bütövlüyü məsələsində artıq heç kimlə məsləhətləşilməyəcək bir məqama gəldiyini açıq şəkildə bəyan etdi. 2020-ci ildə cəmi 44 gün davam edən Vətən müharibəsi şəhidlərimizin müqəddəs qanı, qazilərimizin yaralı canı bahasına, müzəffər Milli Ordumuzun rəşadəti və yenilməz sərkərdə İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın böyük zəfəri ilə başa çatdı. Bu, Ali Baş Komandan İlham Əliyevin qələbəsi, ulu öndər Heydər Əliyevin siyasi kursunun məntiqi nəticəsi, əsl təntənəsi idi. Bu Qələbə xalqımızın, milli ordumuzun, milli birliyimizin, haqqın və ədələtin zəfəri idi. Azərbaycan bu Qələbə gününü düz 30 il gözlədi. Bu günün mütləq gələcəyinə əminliklə inanaraq, bu uzun zamanı, yolu ləyaqətlə, hünərlə, şərəflə, böyük inam hissi ilə, rəşadətlə irəlilədi.”
Bəxtiyar Əsgərov qeyd etdi ki; “Müasir müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası bu gün əldə etdiyi bütün uğurlara görə ulu öndərimizin 1993-cü ildə ali hakimiyyətə qayıdışına, Milli Qurtuluş Gününə borcludur. Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini dəyərləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “15 iyun Milli Qurtuluş Günü sadəcə ulu öndərin, böyük rəhbərin hakimiyyətə gəldiyi gün deyil. 1993-cü il iyunun 15-də Azərbaycan dövlətinin həyatında dönüş və qurtuluş tarixinin əsası qoyulub. Milli Qurtuluşa Azərbaycan xalqının görkəmli şəxsiyyəti Heydər Əliyevin və vətənpərvər insanların zəhməti hesabına nail olunub. Milli Qurutuluş Günü Azərbaycan dövlətini parçalanmaq və məhv olmaqdan xilas etdi”.
Çağdaş Azərbaycan tarixinin ən parlaq simalarından olan böyük Heydər Əliyev ulu Tanrının xalqımıza bəxş etdiyi dahi şəxsiyyət, böyük möcüzədir. Heydər Əliyev şəxsiyyəti, dühası taleyin xalqımıza bağışladığı ən dəyərli əmanətidir. Dövlətçilik və azərbaycançılıq ulu öndərin fundamental fəaliyyətinin və həyatının qayəsini, bioqrafiyasının əsas məzmununu təşkil edir. Heydər Əliyev XX əsrin reallıqlarında müstəqil Azərbaycan dövlətçiliyinin yaradılması, güclü idarəetmə qabiliyyəti, nəhəng dövlət mexanizminin təkmilləşdirilməsinə rəhbərliyi ilə sübut etmişdir ki, O, həqiqətən də, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusudur. Bu gün müasir Azərbaycan Heydər Əliyevin şah əsəri kimi dinamik inkişaf yolunda yüksəlməkdədir. Ölkəmizin gələcək inkişafı, tərəqqisi də dahi şəxsiyyətin ideyalarının davamlı olması ilə birbaşa bağlıdır. Ümummilli liderin özünün də dediyi kimi, “Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam”. Beləliklə, Qurtuluşdan başlanan intibah yolu bu gün də Azərbaycan dövlətinin və xalqının maddi və mənəvi yüksəlişinə, rifahına və firəvanlığına xidmət edir.

Bu yolun zəfər yolu ilə birləşməsini şərtləndirən amillər isə Qayıdış! Qurtuluş! Dirçəliş! Yüksəliş! və möhtəşəm Qələbədir!
Tədbir digər çıxışlar və ulu öndərə həsr edilmiş “Müstəqil Vətənin Memarı” filminin nümayişi ilə davam etdirilib.

Oxşar Xəbərlər